Bu gün xüsusi təyinatlı əsgər, baş leytenant Əliqismət Yaqublunun şəhid olmasının ikinci ildönümüdür.
Şəhidimizin əmisi, tanınmış yazıçı-publisist Etibar Muradxanlının yazısını təqdim edirik:
Fırtınadan yoğrulmuşlar, Şəhadətçün doğulmuşlar.
Əl edib getdi…
Və Kamilliyin Şəhadət zirvəsinə yüksəldi.
Sağollaşmadı, halallaşıb getdi.
Və Səadətin Şərafət zirvəsinə yüksəldi.
Gözlərini döyüş meydanında yumub da, İslam Peygəmbəri, Allahın yerdəki sonuncu canişini Məhəmməd Peyğəmbər (s.ə.v.s) əfəndimizin hüzurunda açdı.
Gözlərini səngərdə yumub da, islam şəhidlərinin sərvəri İmam Hüseyn əleyhissəlamın hüzurunda açdı.
Gözlərini səngərdə yumub da, behişt gənclərinin ağası Həzrət Əbülfəzl-Abbasın (ə) hüzurunda açdı.
Gözlərini səngərdə yumub da, haqqın bayraqdarı, ədalət canişini, igidlik və cəsarət rəmzi Əli İbn Əbu Talibin (ə) hüzurunda açdı.
Gözlərini səngərdə yumub da, Qəhrəmanlıq və Şücaət nümunəsi Mübariz İbrahimovun məqamında açdı.
Gözlərini səngərdə yumub da, Poladın, Allahverdinin, Əliyarın, Şirinin, Çingizin, Rövşənin məqamında açdı.
Gözlərini səngərdə yumub da, canlarını vətən yolunda, ərazibütövlüyümüz uğrunda fəda etmiş 2782 Şəhidin məqamında açdı.
Gözlərini səngərdə yumub da, Əliqismət Mükafat oğlü Yaqublunun məqamında açdı.
Gözlərini səngərdə yumub da, haqqın, ədalətin hüzurunda açdı…
Zatən məqsədi də Haqqa qovuşmaq, məramı da ədalətə yetmək idi Əliqismətin. Şəhadəti dərk edib ona qoşanlardan idi Əliqismət. Harada olmasından asılı olmayaraq, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, hər yerdə və hər an el-obasının və islamın adət-ənənəsini yaşadanlardan idi Əliqismət. Döyüş meydanında, güllə yağışı altında belə namaz vaxtını unutmayib, əlini Allahın dərgahına qaldıranlardan idi Əliqismət.
Əliqısmətin Şəhadəti Kərbəla şəhidlərindən yalnız məkanı ilə fərqləndi. Əliqısmətin Şəhadəti İmam Hüseyn əlehissəlamın, Həzrət Əbülfəzl-Abbasın (ə), Əli İbn Əbu Talibin (ə) Şəhadətindən yalnız zamanı ilə fərqləndı.
Əliqısmətin Şəhadəti Həzrəti Həmzənin Şəhadətindən yalnız cısmini doğrayan silahla fərqləndi. Məramı da bir idi, Məqsədi də bir. Niyyəti də bir idi, hikməti də bir. Getdiyi yol da bir idi Əliqismətin, vardığı Yer də bir.
İslamı ŞƏHADƏTLƏRİ ilə yaşadanların, dini çiyinlərində daşıyanların, Vətəni sinələri ilə qoruyanların, tarixi məzarları toxuyanların Yolu idi Əliqismətin getdiyi Yol.
Allahı Qəlblərində duyanların getdiyi Yol idi Əliqismətin getdiyi Yol.
Min illərdi Oguz xanlarının, Şah Xətainin, Şah Xətainin sərkərdəsi, – Əliqismətin öz ulu babası Murad Xanın, Nadir Şahın, Cavad Xanın gəldiyi Yol idi Əliqismətin getdiyi Yol…
Sonu ŞƏHADƏTƏ varacaq Yol idi Əliqismətin getdiyi Yol.
Bu yola varmaq üçün uzun illər oğul həsrətində olan valideynlərinə 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində əmanət etdi onu Ulu Yaradan. Doğulduğu gündən gedəcəyi yerin şərafətini qoruya bildi Əliqismət.
2007-ci ildə C.Naxçıvanski adına Bakı Hərbi Məktəbinə daxil olanda artıq üzərinə qoyulmuş missiyanı dərk edirdi şəhidimiz. 2010-cu ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinə daxil olanda da, 2014-cü ildə ali məktəbi bitirib, hərbi təhsilin yüksək pilləsi olan TTM-də təhsilini davam etdirəndə də, 2015-ci ildə leytenant rütbəsi alıb N saylı hərbi hissəyə təyinat alanda da məramına doğru yol gedirdi Əliqismət. Amma o özünü döyüş meydanında, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə gördüyü üçün ərizə ilə komandirliyə müraciət edib təyinat aldığı hərbi hissəni düşmənlə üzbəüz olan hissəyə dəyişməyi xahiş edir. Və 2016-cı ildə, Aprel döyüşlərində iştirak edərək xüsusi qəhrəmanlıq göstərir. 2018-ci ildə baş leytenant Əliqismət Yaqubluya Xüsusi Təyinatlı Qüvvələrin Xidmət rəisi kimi mühüm bir vəzifə tapşırılır.
Daim təlimlərdə olan Əliqismət əsgərlərini də özü kimi yüksək vətənpərvərlik ruhunda, hərtərəfli hazırlıqlı xüsusi təyinatlı döyüşçülər kimi yetişdirə bilir. Və həmin döyüşçülərlə bərabər 2020-ci ilin sentyabr ayının 27-də yeni ərazilər zəbt etmək niyyəti ilə ərazilərimizə soxulan düşmənin hücumunu dəf edərək əks-hücuma qoşulur. Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərə hazırlıq öncəsi əsgərləri ilə bərabər bir neçə dəfə düşmən arxasına sızaraq əhəmiyyətli məlumatlarla geri qayıdır. Və nəhayət Şuşa şəhərini yağı düşməndən təmizləmək üçün tapşırıq alır.
İllərlə bu əmrin həsrətində olan cəsur döyüşçü yalnız tapança, qumbara və hər iki əlində tutduğu avtomat süngüsü ilə igid əsgərləri ilə bərabər düşmən üzərinə yeriyir. Sərt qayaları, keçilməz sıldırımları kəndirlərlə dırmaşaraq gözlənilmədən işğalçı ordunun üzərinə şığıyır. Al qanları sıza-sıza, çiyinlərində yaralı yoldaşları, bellərində şəhid qardaşları keçilməz Şuşa qayalarını dişləri, dırnaqları ilə dırmanan Azərbaycan əsgərini görən düşmən geri çəkilmək məcburiyyətində qalır. Hücumu davam etdirən xüsusi təyinatlılar düşmənlə əlbəyaxa döyüşə atılır. Xeyli sayda düşmən əsgərini hər iki əlində tutduğu süngülərlə məhv edən Əliqismət bir neçə yaralı əsgərini də döyüş meydanından çıxarıb təhlükəsiz yerə çatdıra bilir. Cəsur komandir döyüşə rəhbərliyi idarəetmə punktundan davam etdirir. Amma artıq gözü qorxmuş düşmən Əliqisməti nəzarətə götürmüş, onu döyüş meydanından uzaqlaşdırmaq üçün yollar arayırdı. Və türk əsgəri ilə qarşı-qarşıya gəlmək qüdrətində olmayan düşmən cəsur komandirin yerləşdiyi idarəetmə punktunu artilleriya atəşinə tutur. Çox sayda qəlpə yarası və digər adi silah növləri ilə yaralar alan Yaqublu Əliqismət Mükafat oğlu 2020-ci ilin noyabr ayının 5-də şəhadətə qovuşur. Ulu Yaradan Əliqismətin valideynlərinə verdiyi əmanəti geri alır.
Əliqismət Mükafat oğlunun cismi 2020-ci ilin noyabr ayının 6-da doğulub boya-başa çatdığı Lerik rayonunun Kələxan kəndində torpağa tapşırıldı. Ruhu isə Xarı bülbül olub Şuşada, Cıdır düzündə bitdi.
Qartal olub Lacında, sal qayalarda ötdü.
Duman olub Fizulidə, Zəngilanda torpağa çökdü.
Külək olub Qubadlıda, Kəlbəcərdə, Ağdamda əsdi.
Günəş olub Qarabağda, Azərbaycanda saçdı.
Şəhid olub ürəklərdə, dastanlarda yaşadı.
Məzar olub Lerikdə, Kələxanda tarixə döndü.
Ruh olub Ulu Yaradanın dərgahında əbədi yaşadı: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Ali İmran surəsi, 169).
7 dekabr 2020-ci il