Şuşada nə baş verib? – Aynur Camal hər şeyi danışdı

Şuşada nə baş verib? – Aynur Camal hər şeyi danışdı

Milli Mətbuatın 147-ci ildönümündə Şuşada keçirilən Beynəlxalq Media Forumu ilə bağlı Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızının AzerTimes-a müsahibəsi:

– 22 iyulda Şuşada təşkil edilən forumda siz də iştirak edirdiniz. Orda nə baş verdi?

– Şuşada sözün həqiqi mənasında möhtəşəm bir tədbir keçirildi. İlk dəfə idi ki, Şuşada Beynəlxalq Media Forumu baş tuturdu. Təyyarədə Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev elan etdi ki, Beynəlxalq Media Forumu ideyasını cənab Prezidentimiz, Ali Baş Komandanımız nəinki dəstəkləyib, həm də media təmsilçilərinin Füzuliyə qədər təyyarə ilə getməsi göstərişini verib. Bu, Prezident İlham Əliyevin media nümayəndələrinə qayğısının göstəricilərindən biridir.

Tədbir də Himnimizlə, şəhidlərimizin anımı ilə başladı, ardınca isə Prezidentin media nümayəndələrinə təbriki oxundu. Bu da Media Gününə xüsusi bir dəyər qatdı.

Təşkilatçılıq yüksək səviyyədə idi: Forumun keçirilməsi üçün qurulan çadır və çadırda yaradılan şəraitdən ağızdolusu danışmaq olar. Forumun səyyar çadırının yanında çay-kofe xidməti bütün gün ərzində fəaliyyətdə idi, təcili yardım maşını gün ərzində hər yerdə bizi müşayiət etdi və narahatlıq hiss edən həmkarlarımıza dərhal yardım göstərdi…

– Hər kəs təşkilatçılıqdan razılıq edir. Bəs, forumun özü, müzakirələr?

– Sizə səmimi deyəcəm: səfərə çıxarkən həmkarlarımızdan bir neçəsi rəsmi hissənin başa çatmasından dərhal sonra icazə alıb, Şuşanı gəzməyə getməkdə israr edirdilər. Bəziləri heç panel müzakirələrinə qatılmaq istəmirdi.

Ancaq nə baş verdi? Əvvəlcədən o təklifi səsləndirənlərin özü sona qədər panel müzakirələrində qaldı və diqqətlə çıxışçıları, müzakirələri dinlədilər, müzakirələrə qatıldılar, təkliflər səsləndirdilər.

Bilirsiniz ki, xaricdən qonaqlarımız vardı – TASS İnformasiya Agetnliyinin Baş direktorunun müavini, bakılı Mixail Qusman, “Əl-Cəzirə” Media İnstitutundan Məhəmməd Talal Əbdulkərim, BTA agentliyindən Yevgeni Droumeva, “Anadolu” agentliyinin baş redaktoru Yusif Özxan, Avropa Xəbər Agentlikləri Alyansından Aleksandr Giboi və s. bir çox nüfuzlu media qurum və mərkəzlərindən foruma qatılmışdılar. Olduqca maraqlı müzakirələr və təkliflər səsləndirildi. Bir daha vurğulayım ki, təşkilatçılar tərcümə xidməti də təşkil etmişdi və tərcüməçilər yüksək peşəkarlıqları ilə seçilirdi.

– Panel müzakirələri zamanı ehtirasların qızışdığı da iddia edilir…

– Əlbəttə, canlı, emosional debatların şahidi olduq. Necə düşünürsünüz, keçmiş partokratiya tədbiri olmalıydı və iştirakçılar zalda mürgü vurmalıydı? Forumun gözəlliklərindən biri də müzakirələrə yerlərdən qatılmalar, suallar, öz fikrini demək, çıxışçının hansı fikri ilə razılaşıb, hansı ilə razılaşmadığını bildirmək idi. Elə bu səbəblərə görə Forumu axşama qədər tərk edən olmadı və hər kəs aktiv iştirakçıya çevrildi.

– Hansı təkliflər yadınızda qaldı?

– Qusmanın gələn il Şuşanı dünyanın media mərkəzinə çevirmək ideyasına tam qatılıram. Bu, Şuşanın təbliği baxımından çox maraqlı olardı.

Digər təkliflər daha çox medianın özü ilə bağlıdır, razı olduqlarım da, olmadıqlarım da var.

– Razı olmadıqlarınız maraqlıdır…

– Bəzi çıxışlarda redaksiyaların özlərinin üzləşdiyi və həllini tapa bilmədiyi məsələlərin ümumilikdə medianın problemləri kimi qabardılmasının tərəfdarı deyiləm. Məncə, o problemləri hər redaksiya özünəməxsus formada həll etməlidir.

Və yaxud təbliğatla bağlı səsləndirilən fikirlər. Hesab edirəm ki, təbliğat formaları saysız-hesabsızdır və birbaşa, şüarçı, pafoslu təbliğatın niyə uğur qazanmadığından təəccübünü bildirməyin özü təəccüblüdür. Cəfər Cabbarlı deyirdi ki, tamaşaçının əsəbləri dramaturqun barmaqları altında olmalıdır. Məncə, oxucu həssaslığını hiss etmək, auditoriyanı duymaq və onunla işləmək bacarığı da media qurumunun özünə aiddir – burda ümumi prinsiplər olsa da, hər redaksiyanın fərdi yanaşmaları mütləqdir. O fərdi yanaşma olmalıdır ki, auditoriyanın antiazərbaycan qüvvələrin arzulanmaz təbliğatı altına düşməsinə imkan verməyəsən.

Səmimi desəm, bir də özümüzü çox tənqid etdik, məncə. Ad günümüzdə bir az tərif olsa, pis olmazdı ))

– Tədbirdən sonra bəzi neqativliklərin baş verdiyi haqda sosial şəbəkələrdə çoxsaylı statuslar paylaşılır…

– Özünüz də deyirsiniz, “tədbirdən sonra…” Biz tədbirdən dərhal sonra Şuşanı gəzmək üçün tələsdik, Qalada olduq, Cıdır düzünü ziyarət etdik, Vaqifin kompleksinə baxdıq və s. Bütün bunlar üçün 1,5 saatdan da az vaxtımız qalmışdı. Sonra yüngül şam yeməyi yeyib, avtobuslara mindik.

Böyük bir mərasim, Şuşa sevgisi ilə aşıb-daşdığımız zaman hansısa gözdən-könüldən kənarda, hətta səfər iştirakçılarının mütləq əksəriyyətinin müşahidə etmədiyi yüngül bir söhbəti bu qədər şişirtmək qətiyyən doğru deyil.

Əlbəttə, medianın işi ən gözəl binada bir “zəif” tapıb, yazmaqdır, bunu da çox yaxşı anlayıram. Ancaq “qalmaqal” istəyənlər, məsələn, debatlardakı müzakirələri, bir-biri ilə razılaşmayanların intellektual polemikalarını, bir-biri ilə sayğılı rəftarı qorumaqla bərabər, mövqelərindən çəkilməmələrini hallandırsalar, fikir toqquşmasının ictimai müzakirəsi üçün daha faydalı olardı.

– Məsələn, nəyi vurğulamaq istəyərdiniz?

– Milli maraqlar və azad söz polemikası olduqca maraqlı idi. Bəziləri milli maraqlar üçün azad sözün bəzi məqamlarda qurban verilə biləcəyini dedi, bəziləri isə azad sözün “anarxiya” olmadığını, azad sözlə milli maraqları qarşılaşdırmağın, üz-üzə qoymağın yanlışlığında israr etdi. Məncə, ictimai müzakirəsi maraqlı olan bir mövzudur.

Təbliğat formaları ilə bağlı maraqlı debatlar yaşandı, o cümlədən ideoloji fikir toqquşmaları və s.

Yəni çox maraqlı debatlar, yaddaqalan və media, eləcə də ictimai müzakirə üçün mühüm məqamlar çoxdur. Yaxşı olardı, o fikirləri ictimai müzakirəyə çıxarar, ictimai fikri də öyrənərdilər.

– Və sonda…

– 200-ə yaxın böyük bir yaradıcı kollektivlə Şuşada ilk Beynəlxalq Media Forumunun keçirilməsi uğurlu layihə olmaqla bərabər, böyük bir təbliğat işidir və bu təbliğat artıq “şablon” deyil, tamamilə fərqlidir.

Davamlı olmasını arzulayıram və inanıram ki, MEDİA hər dəfə yeni-yeni ideyalarla, peşəkar təşkilatçılıqla ümumi təbliğatımızda müstəsna rol oynamağa davam edəcək.

Teqlər: