“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri
Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının
yarılması, dünyaya həqiqətlərimizin olduğu kimi çatdırılması oldu.
Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan dövlətin
qarşısında duran vəzifələri açıqlayarkən ilk olaraq ölkənin
beynəlxalq aləmdə özünü təsdiqini və varlığının təqdimatını mühüm
amil kimi qarşıya qoydu. Diasporu hər bir dövlətin xaricdəki
varlığı kimi dəyərləndirərək dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızı vahid ideya-azərbaycançılıq məfkurəsi
ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyev bu
birliyin, həmrəyliyin möhkəmləndirilməsi işinə hələ Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə nail olmuşdur. Belə
ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderin rəhbərliyi ilə
keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında
“31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü
haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu
öndər Heydər Əliyev qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq
bildirmişdi ki, Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və
Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli
qərarın qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan
sonra birləşməsi yolunda ilk addım oldu. Böyük qürur hissi ilə qeyd
edə bilərik ki, bu qərar məhz Naxçıvanda, qədim türk diyarında
irəli sürülmüşdür.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində
atılmış ilk addım olan həmin bayram sonrakı dövrlərdə bu sahədə
həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında,
xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol
oynamışdır. Həmin tarixdən 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi qeyd olunur.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində
Azərbaycanın digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də
uğursuzluqlarının təməlinə ölkəmiz haqqında məlumatsızlıq
dayanırdı: “Erməni yalanlarının ayaq tutub yeridiyi zamanlarda
ölkəmizə qarşı qərəzli təbliğatlar geniş vüsət alır, Azərbaycan
bütün dünyaya işğala məruz qalan deyil, işğalçı dövlət kimi təqdim
edilirdi. Məhz bu yalan təbliğatın nəticəsi olaraq 1992-ci ildə ABŞ
Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin əlavə
edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qərar o ölkələrə tətbiq
olunurdu ki, onlar işğalçılq siyasəti həyata keçirir, digər
dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirdilər. Ermənilərin
və erməni diasporunun ölkəmizə qarşı belə bir ədalətsiz qərarın
tətbiqinə nail olmaqda məqsədi Azərbaycanı iqtisadi cəhətdən
zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan bu
qərarın tətbiqi şəraitində yaşadığı 10 ilə yaxın dövrdə iqtisadi
cəhətdən nəinki zəiflədi, əksinə dayanıqlı inkişafı ilə dünyanın
diqqətində oldu. 2001-ci il 11 sentyabr tarixində ABŞ-da baş verən
terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici
siyasətində dəyişikliklərə yol açıldı. Belə ki, ABŞ rəhbərliyi bu
qərarın ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir
illik dondurulması barədə qərar qəbul etdi. Həmin vaxtdan bu
günədək qərarın dondurulması hər il yenidən təsdiqlənsə də onun
birdəfəlik ləğvi hələ də həllini gözləyir.”
YAP Xətai rayon təşkilatının sədri bu fakta diqqəti yönəldərək
vurğulayıb ki, Azərbaycan haqqında məlumatsızlıq fonunda dünyanın
ikili standartlara əsaslanan siyasətinin davamlı şəkildə
uğursuzluqlara, problemlərə yol açdığı məlum olaylardandır: “Ulu
öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda
hakimiyyətə qayıtdığı ilk günlərdən dünya azərbaycanlılarına bu
çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi
etmək üçün harada yaşamasından asılı olmayaraq bütün
soydaşlarımızın bir amal ətrafında sıx birləşməsi vacibdir. Bütün
dünya azərbaycanlılarının bir Vətəni var-Azərbaycan!”
“Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu
istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi”
söyləyən Vüqar Rəhimzadə bildirib ki, dünyanın müxtəlif ölkələrində
Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan
ulu öndər Heydər Əliyev onların vahid mərkəzdən idarə olunması üçün
Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə
çıxış etdi: “Ümummilli Liderin 23 may 2001-ci il tarixli
Sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya
Azərbaycanlılarının birinci qurultayı keçirildi. Ulu öndər Heydər
Əliyevin qurultayda proqram xarakterli nitqi dünya
azərbaycanlılarının təşkilatlanmasında, onların vahid ideya
ətrafında birləşməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderin
Sərəncamı əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi)
yaradılması da bu istiqamətdə görüləcək işlərin əsası kimi
dəyərləndirildi.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, sonrakı
illərdə hər beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının
ənənəvi olaraq keçirilməsi diaspor quruculuğu sahəsində görülən
işlərin təqdimatı və qarşıdakı dövrdə həyata keçiriləcək
tədbirlərin anonsu kimi dəyərləndirildi: “Belə ki, 2006-cı il
martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun
3-4-də lV qurultayların keçirilməsi də deyilənlərin təsdiqidir. Hər
bir qurultayda Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarından,
qarşıda duran vəzifələrdən ətraflı söhbət açan, Azərbaycan
həqiqətlərinin, o cümlədən bu gün artıq tarixə qovuşan Dağlıq
Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılmasında diaspor təşkilatlarının rolundan geniş bəhs edən
dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd edirdi ki,
günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur
mənbəyidir.”
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,
dövlətimiz həqiqətlərimizin təbliğində səfirliklərin də üzərinə
mühüm vəzifələr düşdüyünü önə çəkərək onların say tərkiblərinin
artırılmasına, eyni zamanda, diaspor təşkilatları ilə
fəaliyyətlərini əlaqələndirmələrinə xüsusi diqqət göstərir: “Son 4
ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18
Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel,
Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara,
İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri)
təqdirəlayiqdir.”
YAP Xətai rayon təşkilatının sədri Azərbaycan həqiqətlərinin
təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla
Əliyevanın xidmətlərindən geniş bəhs edib. Bildirib ki, təkcə bir
faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ”
Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə
250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.
“Azərbaycan diasporunun gücü bu gün dünyada etiraf edilir. Son
illərin hadisələrinə diqqət yetirsək açıq-aydın görərik ki, erməni
yalanları ayaq tutsa da dövlətimizin qətiyyətli mövqeyi, düşünülmüş
siyasəti, Azərbaycan diasporunun gücü, qüdrəti sayəsində yerimək
imkanında deyil. Dünya ermənilərin əsl simasını gördü. Tarixi
Zəfərimizdə Azərbaycan Ordusunun misilsiz rəşadət payında möhkəm
hüquqi bazanın rolu böyükdür. Onu da xüsusi vurğulamalıyıq ki,
Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan
diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib. Belə
ki, diaspor təşkilatlarımızın Ermənistanın işğalçılıq siyasətinə
son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması
istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə onların
dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu
aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost
xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət
göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin
dövlət və hökumət rəhbərlərinə, parlamentlərinə, beynəlxalq
təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamaları təqdirəlayiqdir.
Tarixi Zəfərimiz dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd
olunaraq ədalətin zəfər çaldığı bir daha beynəlxalq ictimaiyyətə
bəyan edildi”,-deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının V
qurultayının torpaqlarımızın düşməndən təmizləndiyi dövrə təsadüf
etməsini önə çəkərək bu tədbirin Şuşada keçirilməsinin tarixi
əhəmiyyəti və rəmzi mənası olduğunu diqqətə çatdırıb: “Prezident
İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli
maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli
siyasəti artıq hər birimizin qürur mənbəyi olan bu reallığı mümkün
etdi. Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada
bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi,
həmrəyliyimizi dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan
dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş
etdirəcəklər.
Postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da
üzərinə böyük məsuliyyət düşür. Onlar bu reallıqların dünyada
qəbulu istiqamətində fəaliyyətlərini genişləndirməklə yanaşı,
işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə öz
töhfələrini verməklə Böyük Qayıdışa dəstəklərini ifadə edəcəklər.
Artıq Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə
bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin
iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V qurultayı
diasporumuzun Qarabağın işğaldan azad edilməsindən sonra ilk böyük
görüşü olacaq. Sözsüz ki, dövlət başçısı İlham Əliyev qarşıdakı
qurultayda özünün proqram xarakterli nitqində dünyanın müxtəlif
ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor nümayəndələrinə
öz tapşırıqlarını verəcək, hədəfləri açıqlayacaq.
Hər bir tədbir mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən hər bir tədbir,
həmçinin ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar
qürurvericidir. Çünki bu tədbirlərə ölkəmiz, dövlət başçısı İlham
Əliyev qalib dövlətin və qalib ölkənin qalib Prezidenti kimi
qatılır. Dünya Azərbaycanlılarının V qurultayında Müzəffər Ali Baş
Komandan, qalib Sərkərdə kimi çıxış edəcək cənab İlham Əliyev
tarixi Zəfərimizdən böyük qürurla bəhs edəcək. Bu gün bir daha qeyd
edirik ki, güclü, qüdrətli, eyni zamanda, qalib Azərbaycan harada
yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyidir.”