Şuşada heç bir təmir getmir – Foto

Şuşada heç bir təmir getmir – Foto

Şuşada ən çox diqqət çəkən gülafirəngilərdir: yarıya qədər bağlanmış və yaxud tam açıq gülafirəngilər.

Bunlar eyvan deyil, aynabənd də deyil – məhz gülafirəngidir.

Bu gülafirəngilərin bir qədər yığcam, bir qədər də alayı formasını İçərişəhərdə müşahidə edə bilərsiniz. Ancaq Şuşadakı gülafirəngilər bir başqadır. İçərişəhərdə bir az “içərilik”, qapalılıq, nisbətən “bağlılıq” var, Şuşada çox açıq, geniş, aydındır, görünəndir.

Həm də bir ağayanalıq var: gülafirəngi “əlçatandır”, ancaq altından piyada yolu keçir – ucaboylular boy vermir, başını əyməsən, başın əzilər. Şuşa dikbaşları sevməz, Qalaya sevgisiz gələnlər mütləq xar olar!

Əksər evlərdə var – bəziləri tam-tamına, nağıllardakı “padşah sarayı gülafirəngisi”dir: üstü açıq, evlə boya-boy.

Gülafirəngilər insanların bir-birindən gizlənmədiyi, açıq, iç-içə olduğu anlamına gəlir sanki. Adamda elə təəssürat yaranır ki, gülafirəngilər qəsdən ictimai yerlərə bu qədər yuvaqdır, sanki “şəffaf yaşadıqlarını” bu cür görüntüləyib şuşalılar.

Hamısı məhv olub, dağılıb, uçub-tökülüb, yalnız “eskizləri” qalıb. Üstünə qalxmağa bircə gülafirəngi yoxdur.

“Şuşanın azad edilməsindən bir il doqquz ay vaxt ötür. Bu vaxta kimi çox işlər görülə bilərdi axı” – əksəriyyət bu barədə ucadan düşünürdü.

Bu, Şuşada gedən işin miqyasından daha çox, arzuladığımızı daha tez görmək istəyinin nəticəsidir. Reallıq isə başqadır.

Axı, Şuşada “bərpa” getmir. Hansı tarixi tikili qalıb, hansı qədim bina normal vəziyyətdədir ki, təmir də edilə!

Tarixi tikililər dağılıb, “skeleti” qalanlardan isə “hər gün bir kərpic” düşür. Təmir-bərpa üçün içinə girmək, müşahidə-tədqiqat aparmaq belə çox çətindir – istənilən an uçqun ola və başına daş düşə bilər.

Çarə yalnız yenidən tikməyədir. Yenidən tikmək üçün hər bir ev tədqiq edilməlidir, layihəsi hazırlanmalıdır, yüz ölçüb-bir biçmək gərəkdir.

İnzibati binalar var – dayaqları çat-çatdır, mütləq sökülməli və yenisi tikilməlidir.

Ətrafda isə “xammal” yoxdur və ya qıtdır, hər şey yüz kilometrlərlə kənardan gəlir: yaşayış yalnız orda çalışanların ailəsidir, ona görə də ictimai dəstək də yox səviyyəsində.

O evlərə insanları köçürmək mümkün deyil; o evlərin bərpasına şuşalıları cəlb etmək üçün də hələ xeyli iş görülməlidir.

Asfalta qədər sovet dövründən qalmadır: Şuşanın özündə belə 28,5 ildə daş-daş üstə qoyulmayıb, əksinə, sökülüb-dağıdılıb. İçində yaşaya-yaşaya dağıdıblar, söküblər, oğurlayıblar, məhv ediblər – lənətə gəlmişlər!

O gülafirəngiləri bir-bir, olduğu kimi, tarixi görkəminə uyğun yenidən tikmək… Hər biri əl işi olmalıdır, Şuşaya layiq.

Şuşada görüləsi nə qədər iş var…

Teqlər: