Şuşada erməni izləri və ya 22…-dən 22-dək

Şuşada erməni izləri və ya 22…-dən 22-dək

22.07.2022 (Pifaqorca – 8). Şuşada ilk Beynəlxalq Media Forumu.

Media günü 5 “2”-nin yanaşı olması bir də 100 ildən sonra olacaq.

Şuşa qisməti bu günmüş!

Hava limanında 17-ci (8) qapı, təyyarədə 17-ci (8) sıra…

Narahat oldum – bilmirəm niyə. Halbuki 8 – artıq Şuşanın işğal günü deyil, azad olunduğu gündür.

“9 daha yaxşıdır” – düşündüm.

Sanki “duydular” – 18-dən dostumuz yerimizi dəyişməyi təklif etdi.

Şükür etdim – “hüruf”dən qurtulmaq istəyirdim…

***

Qarabağa ilk dəfə gedirdim. Yox, Qarabağa getmədim, endim. O torpağı canı-qanı ilə alan igidlər bizi həsrət qaldığımız torpağa çiyinlərində aparıb endirdilər.

O igidlərin payi-piyada, düşməni yara-yara, qanları ilə suvardıqları cığırın üzərindən indi Zəfər yolu çəkilib – ən son model avtobuslarla şütüyüb keçirdik.

Füzulidən olanları xatırladım – Füzilinin parçalarını, gəzən “Füzuli zərrələrini”. Tanıdıqlarımdan görmədim yanımda, ürəyimdə hamısına salamımı göndərdim.

***

Füzulidən Şuşayacan yol boyu yalnız xaraba yurd yerləri, əsrarəngiz gözəllik, bir də irihəcmli tikinti görünür – əzəmətli körpü-keçidlərə qədər…

Zəfər yolunun öz “buqatti”ləri var – yük maşınları, traktorlar, kranlar, sementqarışdıranlar…

Sürətlə o baş-bu başa şütüyürlər, tələsirlər.

Yol kənarında biçilmiş sahələr də vardı.

Ermənilərin mina basdırdığı, nifaq səpdiyi yerlərə, şükür, indi bərəkət gəlir…

***

Zəfər yolu Laçın yolu ilə kəsişir – sağa Şuşaya qalxırsan, sola Xankədiyə enirsən. Bu yolun ayrıcındaca rusların postu var. Şuşaya qalxdıqca rus postları ayaqların altında qalır – o ayaqların altını qazmasalar yaxşıdır.

***

Bu da Şuşa…

Diz çökmək, daşına, torpağına, qumuna, otuna, başına dönmək…

Ürək alışır, nəfəs daralır…

“İlahi, sən bilirsən”.

Ürəyə daman göz yaşı içində: “Bağışla!” pıçıltısı…

Dərindən nəfəs al və…

Quş kimisən. Şuşa bağışlayıb – deyəsən, hamımızı…

Başına Şuşa havası dolur: Qürur!

“Şuşa, sən necə böyüksən! Nə tez bağışladın bizi?!”

Dəmir səsi gəlir – gözünü yum, bu səsin Şuşaya yayıldığını hiss et!

Qazilərdir – ləngər vurduqca sinələrindəki medallar bir-birinə dəyib şaqqıldayır.

Sanki dəmir döyürlər.

“Ərgənəkon”çular…

Yaxınlaşıram. Qəribə tərzdə utanıram. “Nə var-nə yox” tipində nəsə soruşuram (Fikrim ayrı yerdədir, fikrimdə hər birini bağrıma basıram, təşəkkür edirəm – ona görə nə dediyim yadımda qalmayıb).

Biri söz atır:

– Bunun (döyüşçü dostunu göstərir) başının sümüyünün yarısı döyüşdə düşüb-qalıb burda. Deyir, axtaraq…

Gülüşürlər.

Nə qədər çalışıram, onların bu zarafatına gülüm, bacarmıram. “Sizə qurban!”

– Şəkil çəkdirməyə icazə verirsiniz?

– Əlbəttə…

Elə həvəslə deyirlər ki!

İgidlər, qəhrəmanlar – Allah sizi qorusun…

***

Yalan dedim, mən Qarabağda ilk kəz deyildim.

Şuşada da…

Mən az qala hər gün bu yerlərdə olmuşam. Hər yer doğmadı, azı, min ildir gəzdiyim yerlərdir.

Şuşa – görüntülərdən bir az fərqlidir: dərələri daha dərindir, sıldırım qayaları daha sərtdir, ağacları daha qəlbidir, daha qalındır.

Bunları videolardan, çəkilişlərdən izləmək mümkün deyil: mütləq görməlisən…

Gözünlə görməlisən!

Bu qədər böyüklüyü və əzəməti yaddaşa köçürmək üçün kamera obyektivi çox kiçikdir.

***

Forumda hər kəs özüydü: hər kəs özü boydaydı və hər kəs o boydaca özünü ifadə edə bilirdi – nə kiçik, nə də böyük.

Sözün, fikrin, düşüncənin, yanaşmaların Cıdır meydanı idi: kim köhləndə, kim ayğırda, kim yabıda, kimsə ümumiyyətlə piyada… – hər şey gözünürdü.

Əsl Cıdır idi – təəssüf ki, bu meydanı Cıdır düzündə qurmamışdılar.

***

O qədər qəribə mənzərəydi ki: qanad çıxaranlar da vardı, quyruq buraxanlar da; Şuşa sevgisindən özünü itirənlər də, ağzından çıxan sözünün, hikkəsinin, hərəkətinin qulu olanlar da…

Şuşa ona görə ecazkardır ki, orda qeyri-səmimi olmaq, maskalanmaq mümkün deyil.

***

Hər çıxışçı, məruzəçidən sitat gətirə bilərəm – amma sizi yormayacam.

Medianın problemləri bizə aid.

Yalnız onu deyəcəm: yaxşı təşkil edilmişdi, Şuşaya layiq! Təcili yardımına qədər növbədəydi!

O həkimlərə də təşəkkür edirəm – təzyiqimi salmaq üçün çox çalışdılar.

Amma düşən deyildi və düşmədi də – təzyiqim də, ruhum da, fikrim də Şuşa yüksəkliyində gəzirdi…

***

Şuşa – yuxularımda gördüyümdən fərqliydi.

Şuşada ermənilər yaşayıb axı, ora, məsələn, Füzuli kimi səhralığa çevrilməməlidir əslində.

Amma elə deyil: o qədər dağıntı var ki! Hər iki evdən biri yox, hər 5 evdən 4-ü məhv edilib və yaxud uçuq-sökük vəziyyətdə.

Saxladıqları və yaşadıqları evlərimiz də bərbad gündə.

Şuşa Realnı Məktəbi necə məhv edilib! İçəri girdim, çəkiliş də etdim – əsgərimiz yaxınlaşıb xahiş etdi ki, öz təhlükəsizliyim üçün təcili çıxım.

Çünki bina elə vəziyyətdədir, hər an daş tökülür, nəsə qopub düşür.

Yerdəki daşları göstərdi:

– Allah eləməmiş, üstünüzə düşər…

***

Yalan söhbətdi, Şuşada təmir-bərpa gedib-eləmir.

Şuşanı az qala təzədən tikirlər.

Bütün qədim tikililər, memarlıq abidəsi sayılacaq evlər, demək olar ki, məhv edilib.

Onları bir-bir, kərpic-kərpic bərpa etmək lazımdır və edilir.

Həddən artıq miqyaslı işlərdir, həcmlidir – adam sadəcə, təsəvvür etməyə də çətinlik çəkir.

Beşmərtəbəli evlər belə qəzalı vəziyyətdədir.

Onlardan biri artıq sökülüb, yerində yenisini tikəcəklər…

***

Şuşada küçələrin adını əks etdirən lövhələr görmədim. Amma əvəzində əsgərlərin yol nişanı və yaxud divarlara yazdığı “küçə adları” var.

Məsələn, Şuşada bir yol nişanının üzərinə əllə “Polad Həşimov küçəsi” yazılmışdı.

Küçələrin sağında-solunda, xüsusilə sıx ağaclıq, həyəti açıq evlərin girişində “Ərazi yoxlanıb, mina yoxdur” lövhələri qoyulub.

Sağ olsunlar!

Bir də: darvazalarda, alaqapılarda “Yaşayış var”, “Evin sahibi var” sözlərinə rast gəlirdik.

Qayım-qədim olsunlar!

***

Şuşanın öz daşı varmış – indiyəcən bilmədiyimdən utandım.

Bülbülün Ev Muzeyində dedilər.

Polad Bülbüloğlu da o daşlardan istifadə edib muzeyi tikəndə.

Hə, məhz tikəndə – çünki muzeyi tamamilə məhv edibmiş ermənilər.

Balaca, iki otaqlı, eksponatları az olan muzey. Muzey əşyalarını ermənilər oğurlayıb, işğaldan sonra Bülbülün oğlu nə tapa bilibsə, onu da gətirib.

Administrativ binası da var – o da Şuşa arxitekturasına uyğun, balaca və gözəl tikilib.

Bülbülün qonşusunun yarıdağılmış evi qalın dəmir konstruksiyalarla bərkidilib – uçulub-tökülməməsi üçün.

Şuşalının qonşuya sədaqətidir.

Unutmadan deyim: Şuşa daşı – öyrəşdiyimiz mişar daşından, çay daşından çox fərqlidir. Rəngi də, özü də – bir az da tərkibində fosfor varmış, gecələr işıq saçırmış.

Şuşanın daşı da işıqlıdır.

Şuşada bərpa işlərinin məhz o daşlarla aparıldığı bildirilir. Bu da işin incəliyi və mürəkkəbliyinin bir yönü…

***

Şuşada erməni “izləri” də var: dəmir darvazanın üzərində boya ilə evin satlığa qoyulduğunu əks etdirən rusca, yaxud boya ilə ermənicə yazılıb, hansısa istiqaməti bildirən ox işarəsi və yaxud hansısa inzibati binanın üzərində qara boya ilə rusca “vətənpərvərlik” şeiri…

Yəqin ermənilər bu “yazıları” “mixi abidələri” ilə müqayisə etməzlər…

Yaxşıdır ki, o “izlər” saxlanılıb – qoy, gedənlər hamısı görsün, dağıdılan evlər qədər, o “yazılar” da önəmlidir.

Ermənilərə aid daha başqa izlər də varmı?

Var: Forumun sonlarına yaxın Şuşada azmaq üçün çıxdıq, hara gəldi getdik…

Gəzərkən qarşımıza “daha iki azan” çıxdı: Ceyhun Musaoğlu və Nicat Dağlar.

Nicat dostunu babasının evinə aparıbmış, Ceyhun da o evin ermənilərin içəri girərkən sındırdığı qıfılın paslanmış parçasını, bir də erməni şagirdə aid dəftər tapıb.

Bu da digər “erməni izi”.

O haqda yəqin Ceyhun yazacaq…

***

Cıdır düzünə çatanda bildim ki, Forumun səyyar panel çadırı niyə orda qurulmayıb!

Cıdır düzünün bir hissəsi sulanmışdı, otun bitməsi üçün, deyəsən, ot toxumu da əkmişdilər; həm də biz Şuşaya yetəndən hava tutulub-açılırdı, bir-iki damcı atıb dayanırdı, sonra yenə təkrarlanırdı…

Cıdırda isə yağış çiləməyə başladı.

Arxamızca su-zad atıb-eləmirdi, sadəcə, Şuşanı təbiətidir – gün ərzində bir neçə dəfə dolub-boşalır.

***

Xankəndi Cıdır düzündən görünür – bayrağımızın fonunda.

Ordan Xankəndiyə baxdıq, baxdıq…

“Xanın kəndi, yağıya qalan yurdumuz! Bizi eşidirsənmi, görürsənmi? Mütləq gələcəyik, mütləq!” – pıçıldadım.

***

Səfərə çıxmadan öncə qüsl alıb, şəhidlərimiz üçün “Fatihə” oxudum, qazilərimizə, dövlətimizə dua etdim, mənə Şuşaya getməyi qismət etdiyi üçün Allaha minnətdarlıq etdim və Şuşanı görəndə ölməmək üçün dözüm istədim, ağlayıb rüsvay olmamaq, Şuşaya layiq davranmağa yardım etməyini dilədim.

Çatanda “Arzularımızın Şəhəri, ancaq gözəllikləri göstər” deyib Şuşaya dua etdim.

Şükür, Şuşada ancaq yaxşıları, gözəllikləri gördüm.

Çevrəmdə baş verənlər içində gözümlə gördüyüm heç bir neqativ olmadı, hər şey o qədər gözəl idi ki!

Təəssüratım da o qədər xoşdur və o qədər çoxdur ki, onları yazıb bitirə bilmərəm…

Bir cümləlik təsvir isə budur:

Onillərdir Şuşa Məndədir, ilk dəfə mən Şuşada oldum!

Teqlər: