Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir (FOTO/VİDEO)

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Trend xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. Ləziz
təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya
Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının
qonaqpərvərliyi bir daha nümayiş etdirilir.

Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında
Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan,
İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar
qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar
peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək
hazırlamağın incəliklərini öyrənə biləcəklər. Kulinariya
festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları –
Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara,
Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və
digərləri qatılıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya,
İsrail, Kanada, Koreya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və
digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə
bloqerlər də təmsil olunur.

Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər
məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil,
həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim
edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan pavilyonlar
da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə
xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış
əsərlərdən parçalar səhnələşdirilir. Festival günlərində qonaqlara
ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii
proqram təqdim edilir. İstirahət və əyləncə zonasındakı
pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri
də sərgilənir. Tədbir günlərində “Azərxalça” ASC-nın yaradıcı
heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar
edir. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və
interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi
səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin
hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması,
ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın
kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur.

Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də
təqdim olunur. Tədbir çərçivəsində Şuşada Azərbaycan rəssam və
heykəltaraşlarının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener
keçirilir. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal
altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini
canlandıracaq.

Teqlər: