Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı başlayıb (FOTO)

Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş
toplantı keçirilir.

AzerTimes-ın məlumatına görə, 30
il əvvəl – 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT
ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq
ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr
ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf
edib.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında
irəli sürdüyü qlobal təşəbbüsləri ilə fərqlənən və böyük dəstək
qazanan qabaqcıl ölkələrdən biridir.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsinə xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il
Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim
edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı
İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4
xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci
il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri
tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə,
qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və
sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli
kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının
yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin davamlı inkişafı
sahələrində əldə etdiyi tərəqqi ayrıca vurğulanıb.

Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini
gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə
üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul
edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində
əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl
standartları, alətləri və texnologiyaları tətbiq etməklə
fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Bu
baxımdan davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad edilmiş
ərazilərdəki dirçəliş prosesinin Davamlı İnkişaf Məqsədlərinə
ölkəni daha da yaxınlaşmasını təmin etmək Azərbaycan üçün mühüm
əhəmiyyət daşıyır.

Bu baxımdan Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə
saxlanılması üçün vaxtında, təsirli və adekvat tədbirləri Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan
pandemiya, “peyvənd millətçiliyi”nə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsi istiqamətində də mühüm qlobal təşəbbüslərlə çıxış
edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən
bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr
bunun bariz nümunələridir. Həmrəylik əlaməti olaraq, koronavirusla
mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya
Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar
yardımı edib. Azərbaycan həmçinin qlobal tədbirlərlə bağlı konkret
tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal
Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü ilə
çıxış edib. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik
edən ölkə kimi post-COVID-19 dövrünün müzakirəsi üçün Qoşulmama
Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının
təşkil edilməsi üzərində çalışır.

Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT
tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada
keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın Mədəniyyət
paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi,
qələbə şəhəri simvoludur.

Toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava
qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəlib, hava limanı ilə
yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya çatıblar.

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında
Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən
keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və
post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və
imkanlarını müzakirə etməkdir.

Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci
paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri
sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək.
Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə
təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji”
potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi
məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İkinci paneldə isə
COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya
reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini
azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın
qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.

Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və
hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici,
BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil
olunur.

Teqlər: