Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş
xüsusi poçt markası təqdim olunub.
Trend xəbər verir ki, Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30
illiyinə həsr olunmuş toplantı keçirilir. Toplantıda Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş xüsusi poçt markası da
təqdim olunub.
Qeyd edək ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə
Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəlib,
hava limanı ilə yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya
çatıblar.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında
Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən
keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və
post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və
imkanlarını müzakirə etməkdir.
Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci
paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri
sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək.
Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə
təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji”
potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi
məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İkinci paneldə isə
COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya
reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini
azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın
qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.
Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və
hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici,
BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil
olunur.