Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən il 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Cənab Prezident İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı çıxışında bəyan etdiyi kimi, Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Bu gün biz azad Şuşada həyatı dirçəldirik.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, öz xarici havadarlarının dəstəyi sayəsində torpaqlarımzı işğal edən Ermənistan 30 il ərzində beynəlxalq birliyi, qəbul edilən qətnamələri saymadı: “Status-kvonu saxlamaq üçün hər dəfə danışıqları bir bahənə ilə pozan Ermənistan beynəlxalq birliyin susqun yanaşmasından daha da ürəklənmişdi. Amma düşmənin nə etməsindən aslı olmayaraq, dözüm, səbr, ədalətə inam, həmçinin öz torpağına bağlılıq Azərbaycan xalqını tarixi Qələbəyə gətirdi.
Bu Qələbə sayəsində işğal altındakı torpaqlarımız, o cümlədən mədəniyyət paytaxtımzı olan Şuşa da artıq azaddır”.
V.İskəndərov əlavə edib ki, dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib: “İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər də həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Bu gün biz azad Şuşada həyatı dirçəldirik. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı Şuşada, eyni zamanda festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər keçirilir. Heç şübhəsiz, bu cür tədbirlər davamlı olacaq. Çünki cənab Prezidentin bəyan etdiyi kimi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
Twitter: @ElchinMehdiyev