Xəbər - Ceyhun Ələkbərov – Trend:
Şuşanın bərpa edilərək dünyaya geniş tanıdılması 3 istiqamətdə aparılacaq.
AzerTimes-ın məlumatına görə, bunu “Real” TV-nin efirində Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən inventarlaşdırma aparılıb və 210 tarixi-mədəni abidə aşkar edilib:
“Gələcəkdə biz bu abidələrin bərpası ilə məşğul olacağıq. Hazırda birinci istiqamət bundan ibarətdir, ikinci istiqamət isə Şuşanın beynəlxalq səviyyədə tanıdılmasıdır. Şuşanın 2022-ci ildə İslam dünyasının, 2023-cü ildə isə türk dünyasının mədəniyyət paytaxtı olması nəzərdə tutulur. Eyni zamanda, Şuşanın tarixi hissəsinin UNESCO-nun tarixi irs siyahısına daxil edilməsi məsələsi var. Biz bu istiqamətdə işlər aparırıq, beynəlxalq ekspertləri bu məsələyə cəlb etmək niyyətindəyik. Üçüncü istiqamət isə Şuşaya adət-ənənələrimizin, ruhumuzun qaytarılmasıdır. Bu da Xarı Bülbül festivalıdır və dövlət başçısının da bununla bağlı xüsusi tapşırığı var. O cümlədən, Molla Pənah Vaqifin poeziya günlərinin Şuşada keçirilməsi istiqamətində də müvafiq işlər görülür”.
Nazir əlavə edib ki, bu il ola bilsin, bu tədbirlər lokal şəkildə həyata keçirilər, ancaq gələcəkdə sözügedən tədbirlər beynəlxalq səviyyədə reallaşacaq.