Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Şuşa şəhərində son günlər reallaşan hadisələr bir daha onu sübut edir ki, bu müqəddəs şəhər eynən möhtərəm Prezident İlham Əliyevin söylədiyi kimi yenidən dirçəlir və artıq qayıdışa tam hazırdır. Hətta bu qayıdış üçün qısa müddət ərzində bütün mümkün addımlar atılıb, infrastrukturun yaradılması üçün bütün imkanlar səfərbər olunub.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Cıdır Düzündə keçirilən “Xarıbülbül” musiqi festivalını yəqin hər kəs xüsusi sevinclə izlədi:

“Həqiqətən möhtəşəm idi. Hətta möhtəşəmin də ötəsi idi. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir gözəl tədbirin keçirilməsini o qədər gözləmişdik ki.

Eyni zamanda Şuşada bəzi dövlət layihələrinin həyata keçirilməsi ilə bağlı operativ işlərin görülməsinə də şahidlik etdik. Məlumunuzdur ki, artıq Şuşada elektrik enerjisi təminatı yüksəldilir və bu məqsədlə “Şuşa” yarımstansiyasının, eyni zamanda Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından 75 km-lik məsafədə 110 kv-luq “Şuşa-Şükürbəyli” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Bu isə artıq Şuşada dayanıqlı enerji təminatının varlığından və yüksəldilməsindən xəbər verir.

İkinci qeyd etmək istədiyim məsələ, “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı ilə bağlıdır. Bildiyiniz kimi, bu işlər də çox qısa müddətdə görüldü, otelin ciddi restavrasiyadan sonra ərsəyə gəlməsi ilə bağlı verilən tapşırıqlar tez bir zamanda icra olundu. Üstəlik, heç şübhəsiz ki, məlum gedişat sürətlə davam edəcək və Şuşa həm də turizmin əsas mərkəzlərindən birinə çevriləcək, Şuşa artıq qonaqlar qəbul edəcək, Şuşa artıq insanları qarşılayacaq, Şuşa özünü dünyaya tanıdacaq”.

Deputat vurğulayıb ki, Şuşada yeni, modern nümunə olacaq məscidin təməlinin qoyulması və Gövhərağa məcidinin bərpası isə Azərbaycanın daim sadiq qaldığı islam irsinin təbliği kontekstində çox mühüm hadisədir:

“Bilirsiniz ki, 29 ildən sonra ilk dəfə Şuşada bayram namazı qılındı, Azan səsi eşidildi. Yəni, artıq insanlarımız və musiqimizlə bərabər müqəddəs dinimiz də öz doğma və əzəli məkanına qayıdıb. Bu da son dərəcə qürurverici bir məqamdır.

Biz Şuşaya həqiqətən çox bağlıyıq. Lap çox. Bu səbəbdən onunla bağlı hər pozitiv xəbər bizi sevindirir. Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisə idi. Həmin gün bu ölkədə hamı sevincindən ağladı, hamı bayram elədi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı.

Şuşanın işğaldan azad edilməsi ermənilərə dağ çəkib. Naqis düşmən məhz Şuşanı uduzandan sonra anladı ki, təcili bir şəkildə kapitulyasiya aktına qol çəkməlidir. Ona görə diz çökdülər, yalvardılar, məğlubiyyətlərini etiraf etdilər.

Şuşa qədim Azərbaycan ərazisidir, Pənahəli xanın əsəridir, bizlərin dədə-baba məkanıdır. Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. Təcavüzkar düşmən bu şəhəri də vicdansızca, əclafca, nakişicə viran günə saldı. İndi isə Şuşa artıq xilas olub. Şuşa indi nəfəs alır. Şuşa indi rahatdır. Şuşa indi xoşbəxtdir.

Şuşanı Azərbaycanın igid əsgərləri əlbəyaxa döyüşlə, dünya tarixinə qızıl hərflərlə yazılacaq qəhrəmanlıqla geri qaytarıblar. Şuşa bundan sonra əbədiyyən Azərbaycanın olacaq. Şuşanı bundan sonra göz bəbəyimiz kimi qoruyacayıq”.

Twitter: @ElchinMehdiyev

Teqlər: