Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel
ayına olan biletlər bu gündən satışa çıxarılıb. Sərnişinlər müəyyən
olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı
(www.yolumuzqarabaga.az)
vasitəsilə onlayn qaydada ala bilərlər.
Bu barədə AzerTimes-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər Şuşa
və Ağdam istiqamətində 64 reys uğurla həyata keçirilib. Ümumilikdə
2800-dən çox sərnişin müvafiq istiqamətlər üzrə səfər edib.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq,
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Belə ki, təhlillər nəticəsində Bakı – Ağdam – Bakı istiqamətində
əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən
sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də
səfər edə biləcəklər.
Məlumat üçün bildirək ki, martın 13-də Bakıdan Şuşa
istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü
güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin
təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada
qalmasına şərait yaradılıb. Sərnişinlərin təhlükəsiz şəkildə geri
dönmələri təmin edilib.
Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart
tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə
salınıb. Həmin reyslər 7 və 8 aprel tarixlərində həyata
keçiriləcək.