Şuşa türk dövlətini de-fakto tanıtdı – AP-da “həyəcan”…

Şuşa türk dövlətini de-fakto tanıtdı – AP-da “həyəcan”…

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa zirvəsinin türk dünyasının birliyinə qarşı olanları narahat etməsi təəccüblü deyil, əslində, gözlənilən idi. Çünki TDT-nin qlobal güc mərkəzlərindən birinə çevrilməsi prosesinə şahidlik edirik və bu, türk dünyası ilə yanaşı, bu təşkilatın çətiri altındakı hər bir ölkənin milli maraqlarına xidmət edir. TDT-nin güclənməsini qəbul etməyən mərkəzlərin olduğu bəllidir.

Bunu AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal TDT-nin Şuşa zirvəsinin Avropada yaratdığı narahatlığı, Avropa Parlamentinin deputatının və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin açıqlamalarını şərh edərkən deyib.

A.Camal qeyd edib ki, Avropada səslənən “narahatlıq”ların arxasında yunan-erməni lobbisi dayanır:

“Yunan lobbisini narahat edən məqam Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də təmsil olunmasıdır. Bu amil Şimali Kipr Türk Cümhuriyyətinin təşkilatda təmsil olunan dövlətlərin hər biri tərəfindən de-fakto tanınması deməkdir və prosesin inkişafı de-yure tanınmaya doğru gedir. Erməni lobbisini narahat edən isə azad olunmuş Qarabağın beynəlxalq proseslərin mərkəzinə çevrilməsi və Qarabağ məsələsinin tamamilə qapanmasıdır. Erməni diasporu hələ də ümid edir ki, nə vaxtsa Qarabağı yenidən ələ keçirə biləcəklər, buna görə bu məsələni beynəlxalq müstivədə daim açıq saxlamağa çalışırlar. Qarabağ məsələsi erməni diasporu üçün “var olmaq” məsələlərindən biridir. Azərbaycanın ərazilərini azad etməsi onların qondarma “böyük Ermənistan” xülyalarının da üzərindən xətt çəkib, məhz bunu həzm edə bilmirlər”.

Politoloq Jozep Borrellin erməni diasporu/lobbisinə bağlı olduğunun sirr olmadığını diqqətə çatdırıb:

“Borrell antitürk mövqeyi ilə məşhurdur, istər Şimali Kipr Türk Cümhuriyyəti, istərsə Qarabağ məsələsində daim əks mövqedən çıxış edib, hətta onun mövqeyi təmsil etdiyi AB-nin mövqeyindən bir çox hallarda kəskin fərqlənir. Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo da erməni lobbisinin ən aktiv təmsilçilərindəndir, 44 günlük müharibədən sonra Qarabağda qalan separatçıları Avropa tribunasından mütəmadi şəkildə müdafiə edir, Azərbaycanı qondarma iddialarla ittiham edirdi. Avropada bu siyasətçilərin TDT-nin Şuşa zirvəsi haqda səsləndirdikləri absurd fikirlər təəccüblü qarşılanmamalıdır, çünki onlar faktiki olaraq, sifariş əsasında danışırlar”.

A.Camal deyib ki, Borrell və Natali Luazonun, dolayısı ilə yunan-erməni lobbisinin Şuşa zirvəsini Macarıstanın Baş naziri Viktor Orbanın üzərindən hədəf alması da təsadüfi deyil:

“Birincisi, Şuşa zirvəsindən narahatlıq keçirən yunan-erməni lobbisini Macarıstanın AB üzvü olmasını “arqument” kimi istifadə edir.

İkincisi, Orbanın müstəqil siyasəti Avropada müəyyən mərkəzləri narahat edir, görünür, yunan-erməni lobbisi Şuşa zirvəsini macar baş nazirin üzərindən hədəfə almaqla həmin mərkəzlərin də dəstəyini qazanmağa çalışır.

Üçüncüsü, Macarıstanın TDT-də təmsil olunması türk dövlətlərinin əlini gücləndirən amildir, Yunanıstan və Ermənistan, ümumilikdə antitürk mövqeyində olan mərkəzlər bundan narahat olurlar. Misal üçün, Macarıstan Ermənistanın silahlandırılması məqsədilə Avropa Sülh Fondundan 10 milyon avro yardımın ayrılmasına veto qoymuşdu. Bu, rəsmi Bakının Avropadakı mövqelərini gücləndirir. Eyni zamanda, Macarıstanın TDT-də olması Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasında AB-yə üzv ölkənin də iştirakı deməkdir”.

Politoloq Şuşa zirvəsində iştirak edən Viktor Orbana qarşı ittihamların absurd olduğunu qeyd edib:

“Çünki Macarıstan müstəqil ölkədir və xarici siyasətini öz maraqlarına uyğun qurur, onun xarici siyasətində də AB öhdəliklərini pozacaq məqam yoxdur. Görünür, TDT-yə qarşı hücum planında “arqument” kimi istifadə edəcəkləri başqa məqam tapmadıqları üçün Orbanın üzərindən hərəkət edirlər”.

Teqlər: