Xəbər - Ceyhun Ələkbərov – Trend:
İlk növbədə düşmən tərəfindən dağıdılmış ərazilərdə arxeoloji tədqiqatlar aparılmalıdır.
Bunu Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə “Sahil Kərimli ilə Aktual” videolayihəsində deyib.
E.Qasımzadə bərpa işlərinin xarici mütəxəssislərlə birgə aparılmasını daha məqsədəuyğun hesab edir:
“Bizim kifayət qədər təcrübəli, peşəkar alimlərimiz, tədqiqatçılarımız var. Ancaq etiraf etmək lazımdır ki, xaricdə hələlik bizdə olmayan yeni texnologiyalar var. Onların köməyi ilə dağıdılmış ərazilərdə arxeoloji tədqiqatlar aparılmalıdır.
Bundan əlavə orada olan tarixi abidələrin də bərpası işləri görülməlidir. Üzeyir Hacıbəyovun, Bülbülün, Natavan xanımın igamətgahı tikilib bərpa olunmalıdır və yenidən həyat verilməlidir”.
E.Qasımzadə qeyd edib ki, sakinlər üçün yeni yaşayış evləri tikilməlidir və həmin evlər tarixi 17 məhəllədə salınmalıdır:
“Çünki şəhərin əsasını o 17 məhəllə təşkil edib. Hər məhəllənin öz bazarı, məscdi və öz bulağı olub. Bizim memarlıq irsi əsas götürülərək yeni müasir və fərdi evlər tikmək lazımdır. Ümumiyyətlə Şuşaya yanaşma başqa cür olmalıdır”.
Baş memar əlavə edib ki, sovet dövründən qalan 5 mərtəbəli binalar sökülməlidir:
“Şuşada olan və sovet vaxtından qalan yöndəmsiz 5 mərtəbəli binalar tamamilə sökülməlidir. Əvəzində Şuşaya 30 ildir həsrət qalan vətəndaşlarımız üçün azmərtəbəli yeni yaşayış binları tikilməlidir. Cənab Prezident də öz çıxışında bunu bildirmişdi və əminəm ki, onun da tələbi odur ki, Şuşa gözəl və heç bir şəhərə bənzəməyən bir məkana çevirilsin”.