Şuşa şəhərində Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib (FOTO)

Mayın 21-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində
Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri
komitələrinin birgə dinləmələri keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend
bildirilib ki, tədbiri açan Milli Məclisin sədr müavini,
parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev iclas
iştirakçılarını azad Şuşada salamlamaqdan qürur duyduğunu bildirib.
Vitse-spiker bu qürurverici günləri bizə bəxş edən Müzəffər Ali Baş
Komandanımız, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli
Ordumuza, şəhidlərimizə, qazilərimizə və bu iclasın Şuşada
keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə
Qafarovaya təşəkkürünü bildirib. O, Milli Məclisin komitələrinin
iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini
əlamətdar hadisə kimi dəyərləndirib.

Adil Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci
məsələ “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi
yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi”, ikinci
məsələ isə “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları”
mövzusudur.

Gündəliyin birinci məsələsi haqqında danışan vitse-spiker
diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin 2022-ci ilin
Şuşa ili elan edilməsi haqqında sərnəncamında qeyd olunur ki, “Şuşa
sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz
parçasıdır”. Adil Əliyev bildirib ki, cənab Prezidentin bu tezisini
gənclərimizin və ölkəmizi yarışlarda təmsil edən idmançıların
maarifləndirilməsi istiqamətində əsas prinsip kimi əldə rəhbər
tutmalıyıq. Maarifləndirmə işində Şuşanın və Şuşa sevgisinin niyə
hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olması
məsələsinə böyük önəm verməliyik, xüsusilə xaricdə ölkəmizi təmsil
edən idmançılarla bu mövzuda iş aparmalıyıq. Qeyd olunan suala
cavab verilməsində və maarifləndirmə işinin məzmununun
hazırlanmasında cənab Prezidentin digər bir tezisi açar rolu
oynamalıdır: O, bildirir ki, “bu şəhər yetirdiyi böyük
şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə
əlamətdar səhifələr yazmışdır”. Şuşanı bizim mənəvi varlığımızın
bir hissəsinə çevirən, mənəviyyatımıza hopduran onun bizə bəxş
etdiyi böyük şəxsiyyətləridir. Şuşanın qurucusu Pənahəli xandan,
Molla Pənah Vaqifdən, Xurşidbanu Natəvandan tutmuş Üzeyir
Hacıbəyliyə, Əbdürrəhim bəy Haqverdiyevə, Barat Şəkinskayaya, Rəşid
Behbudova, nəhayət bütün türk dünyasının ən parlaq intelekt
sahiblərindən bir olan Əhməd bəy Ağaoğluna qədər hər birinin həyatı
və qoyub getdiyi irs gənc nəsillərə tam çatdırılmalıdır.

Sədr müavini Ümummilli Lider Heydər Əliyevin Şuşanın tarixində
və taleyində oynadığı misilsiz roldan danışaraq Şuşada Vaqifin
məqbərəsinin yaradılmasının Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə
həyata keçirildiyini və bu məsələnin mahiyyətinin gənclərə
çatdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışının sonunda Adil Əliyev vurğulayıb ki, gənclərin və
idmançıların maaraifləndirilməsi işində cənab Prezident İlham
Əliyevin müvafiq sərəncamında qeyd olunan tezislər rəhbər
tutulmalıdır. Vitse-spiker bu işin həyata keçirilməsi üçün diqqət
yetirilməli olan əsas məqamları diqqətə çatdırıb.

Sonra gündəlikdəki “Qarabağ tarixində ailə dəyərləri və qadın
hüquqları” mövzusundakı dinləmələrlə bağlı çıxış edən Milli
Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran
Hüseynova parlament komitələrinin iclaslarının Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi üçün yaradılan
şəraitə görə Milli Məclisin rəhbərliyinə, şəxsən spiker Sahibə
Qafarovaya təşəkkürünü bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın bu qədim diyarı
yeraltı və yerüstü sərvəti, təbiəti, tarixi-dini abidələri ilə
yanaşı, həm də mədəni dəyərləri, ailə ənənələri ilə zəngindir. Bu
dəyərlər nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmışdır.
Hicran Hüseynova ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafına
mühüm töhfələr vermiş Qarabağlı qadınlar – Gövhər ağa, onun bacısı
Ağabəyim Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy
Ağaoğlunun iki qızı – Sürəyya Ağaoğlu, Tezer Taşqıran, məşhur
pediatr həkim Adilə Namazova və başqa qadınların xidmətlərindən
danışıb. Bildirib ki, bu misallar göstərir ki, bu torpaq dünya
mədəniyyətinə, elminə, siyasətinə görkəmli şəxslər bəxş etmiş
Azərbaycan torpağıdır. Ermənilər Qarabağın, Şuşanın qədim erməni
torpağı olduğunu deyirlər. Amma bir nəfər təhsil almış, savadlı
erməni qadının adını çəkə bilmirlər. Erməni ailə dəyərlərinə aid
bir nümunə göstərə bilmirlər. Çünki yoxdur, ermənilər bura
gəlmədirlər. Və tarixdən də məlumdur ki, bu hansı şəraitdə baş
verib. Onlar Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvanda ancaq
dağıtmaqla, Azərbaycana məxsus dəyərləri məhv etməklə,
azərbaycanlıları qətlə yetirməklə, kütləvi deportasiyaya məruz
qoymaqla məşğul olublar, tarixi saxtalaşdırıblar. Ona görə də, bu
gün biz ailə dəyərləri, qadın və uşaq hüquqlarından danışanda , iki
məsələyə xüsusi diqqət verməliyik. Birincisi, malik olduğumuz
tariximizi, ailə dəyərlərimizi, insan hüquqları, o cümlədən qadın
və uşaq hüquqlarının müdafiəsi ilə bağlı tarixi faktları təbliğ
etməliyik, bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik.
İkincisi isə, bütün yerli və xüsusilə beynəlxalq səviyyəli
tədbirlərdə ermənilərin törətdikləri humanitar, ekoloji, tarixi,
iqtisadi terroru dünya ictimaiyyətinə çatdırmalıyıq.

İclasda dinləmələrin mövzuları ilə bağlı çıxış edən Gənclər və
idman komitəsinin sədr müavini Şahin İsmayılov, Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Pərvin
Kərimzadə, Tamam Cəfərova, Etibar Əliyev, Rəşad Mahmudov, Mahir
Abbaszadə, Ramin Məmmədov, Sevinc Hüseynova, Cavid Osmanov, Sədaqət
Vəliyeva, Ramil Həsən, Sevil Mikayılova, Milli Məclis Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev torpaqlarımızın
azad olunmasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən
siyasətin rolu, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi
qələbədə Azərbaycan gənclərinin və qadınlarının rolu, xalqımızın
ailə dəyərləri, Şuşanın Azərbaycan tarixindəki yeri, bu şəhərin
işğaldan azad olunmasında əsgərlərimizin göstərdikləri
qəhrəmanlıqlardan danışıblar, Şuşada Milli Məclisin komitə
iclaslarınınn keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Komitələrin birgə iclasında deputatlardan Ülvi Quliyev, Jalə
Əhmədova, Nigar Arpadarai, Könül Nurullayeva, Cəbi Quliyev və Milli
Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların
işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova və parlamentin
digər məsul əməkdaşları iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Teqlər: