Şuşa nüfuzlu beynəlxalq təşkilatların əsas ünvanına, regionun diplomatik paytaxtına çevrilir – Vüqar Rəhimzadə

Qarabağın tacı, işğaldan azad edilməsi ilə bir dastan yazan,
Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ
müharibəsi dövründə səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq
olar” fikirləri əsasında hər bir azərbaycanlı üçün önəmi aydın
ifadə edilən Şuşa bir ildən artıqdır ki, azaddır. Bu qısa müddətdə
mədəniyyət paytaxtımız sürətlə dirçəldilir, qonaqlarını
qarşılayaraq işğal dövründə nə qədər sındırılsa da əyilməməsindən,
milli qürurumuzu qorumasından fəxr hissi ilə bəhs edir. Bütün
bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya
nümayiş etdirir. 28 illik işğal dövründə Şuşanın ona məxsus
olduğunu iddia edən Ermənistan mədəni və dini abidələrimizi
yerlə-yeksan etməklə nə qədər tarixi silməyə çalışsa da, bunun
mümkünsüzlüyünün fərqində idi. Ən əsası dünya hərb tarixində
bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza
atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü, Azərbaycan
xalqının tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir
daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni
tədbirlərə ev sahibliyi, sənədlərin imzalanmasına şahidlik etməklə
təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət
paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük fəxr və qürur
hissi ilə qeyd edirik ki, Şuşa regionun diplomatik paytaxtına
çevrilib. Ötən ilin 15 iyun tarixində – Milli Qurtuluş Günündə iki
dost, qardaş ölkələr – Azərbaycan və Türkiyənin müttəfiqliyinin
təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa
bu ilin martında Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr
olunan tədbirə ev sahibliyi etdi. Bunun ardınca aprelin 22-də
dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər
Qurultayına toplaşdılar. Aprelin 28-də isə mədəniyyət paytaxtımız
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin
birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq”
adlı beynəlxalq foruma ev sahibliyi etdi. Dünyanın 20-dən çox
ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin,
tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri
forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi
məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna
aydınlıq gətirməsi baxımından diqqətçəkəndir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, beynəlxalq forumun iştirakçıları
Şuşanın quruculuq və bərpası ilə bağlı “Şuşa – dirçəlişə gedən
yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və
çağırışlar” mövzuları ətrafında müzakirələr aparıblar: “Şübhəsiz,
20 ölkəni təmsil edən 50-yə yaxın beyin mərkəzlərinin
nümayəndələrinin Şuşada belə aktual mövzuları müzakirə etmələri
özündə böyük bir mənanı ehtiva edir. Bu baxımdan ki, hər bir
iştirakçı ölkəsinin təmsilçisi olmaqla yanaşı, Azərbaycan
həqiqətlərinin də təbliğatçısına çevrilir. Bu mühüm platforma
xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri
arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması
imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin,
təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın
formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün
sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan
yaradır.

Aprelin 28-də mədəniyyət paytaxtımızda işinə başlayan və aprelin
29-da Bakıda davam edən beynəlxalq forumun ideyası ötən ilin
aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində
keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Həmin
konfransda iştirakçılar Qarabağda beynəlxalq Forumun keçirilməsini
təklif etmiş və dövlət başçısı İlham Əliyev bu təklifi müsbət
qiymətləndirmişdi. Aprelin 29-da ADA Universitetində keçirilən
beynəlxalq konfransdakı nitqində Prezident İlham Əliyev bu fikri
xüsusi qeyd etdi ki, bu cür ənənəvi görüşlər planlarımızı və
məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq
baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın
davam edən işğal ərzində bütün şəhərlərimizdə və kəndlərimizdə
barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və
kəndlərimiz vəhşicəsinə dağıdılıb.

Təbii ki, bu ağrılara, ermənilərin vəhşiliklərinə baxmayaraq,
Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra açılan yeni
səhifə yeni reallıqları diktə edir. Azərbaycanın bu reallıqların
dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu
nəticələri göz önündədir. Sülh gündəliyi günümüzün əsas müzakirə
mövzusudur. Bu gündəliyin müəllifi olaraq Azərbaycanın mövqeyi
dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir,
Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına
yönələn səylər təqdir edilir. Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və
Ermənistanın baş nazirinin Brüsseldə bir araya gəlmələri, sonuncu
görüşün nəticələrində ölkəmizin mövqeyinin dəstəklənməsi,
Ermənistanın təklif etdiyimiz 5 prinsipi qəbul etməsi ərazi
bütövlüyümüzü dəstəkləməsi də deyilənlərin təsdiqidir. Dünyanın
aparıcı dövlətlərinin rəsmilərinin Prezident İlham Əliyevə
ünvanladıqları məktublarda, etdikləri telefon zənglərində, həmçinin
həmin dövlətlərin, təşkilatların nümayəndə heyətlərinin ölkəmizə
səfərləri zamanı keçirilən qəbullarda Azərbaycanın dünyaya səs
salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı
dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq
formatları yaradılır. Zəngəzur dəhlizinin açılması,
kommunikasiyaların bərpası, avtomobil və dəmir yollarının çəkilişi,
iqtisadi əlaqələrin qurulması məsələlərinin müzakirəsi və sair kimi
mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
olunmasına xidmət edir. Hazırda Azərbaycan işğaldan azad olunmuş
ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq
təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri
icra edir.”

“Qeyd etdiyimiz kimi, Şuşanın BMT və digər nüfuzlu beynəlxalq
təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik
paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta
məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması
məqsədilə aparılan çirkin kampaniyaların iflası deməkdir” söyləyən
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının
nitqində qeyd olunduğu kimi, Azərbaycan Qafqazda yeni dövrü – sülh
və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran ən
mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq
sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı
strategiyanı təqdim etməkdən ibarətdir. Söz yox ki, belə
tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi
hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.

Teqlər: