“Şuşa ili”nə UNEC töhfəsi – “Xəzinə” sərgisi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn
məktəbinin müəllimi Aynur Rzayevanın Şuşa ilinə həsr olunan
“Xəzinə” adlı rəsm sərgisinın açılışı olub.

Muzey Mərkəzində təşkil olunan sərginin açılışında UNEC rektoru
professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti,
ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar və
digər qonaqlar iştirak ediblər.

Sərginin açılışında çıxış edən rektor Ədalət Muradov gənc
müəllim Aynur Rzayevanın rəsm əsərlərinin daha öncə İqtisadi
Forumda nümayiş olunduğunu bildirərək, həmin əsərlərin forumda
iştirak edən Nobel mükafatı laureatı Aziz Sancarın xüsusi marağına
səbəb olduğunu deyib. Müəllif tərəfindən “Şərq ulduzu” adlı əsərin
alimə hədiyyə olunduğunu diqqətə çatdırıb. Rektor Aynur Rzayevanın
yüksək pedaqoji keyfiyyətlərindən söz açaraq, onu təbrik edib,
yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sərgidə iştirak edən tanınmış incəsənət xadimləri rəssamın
yaradıcılığından, onun yaratdığı əsərlərin unikallığından söz
açıblar, natürmort janrına bu cür fərqli yanaşmanın yeni olduğunu
bildiriblər. Xalça mövzusunun silsilə əsərlərin kompozisiyasının
dominantına çevrilməsi faktına ilk olaraq Aynur Rzayevanın
yaradıcılığında rast gəlindiyini deyiblər.

“Xəzinə” adlı fərdi rəsm sərgisində xalqımızın milli
mədəniyyətinin bir parçası olan Azərbaycanın məşhur xalçalarına
müraciət olunub. Müəllifin ikisi Şuşa xalçası olmaqla, Şirvan,
Quba, Şəki, Bakı, Şabran, Naxçıvan, Qazax, Gəncə xalçaları və
natürmort janrını əks etdirən 30 əl işi nümayiş etdirilir.

Sərgi mayın 14-dək davam edəcək.

Teqlər: