“Şuşa ili”ndə Zəfər Qurultayının Şuşada keçirilməsi heç də təsadüfi deyildi – Oqtay Əsədov

Dünyanın diqqəti Türk dünyasının mədəniyyət və incəsənət beşiyi,
Azərbaycanın incisi Şuşaya yönəlmişdi. “Şuşa ili”ndə Şuşada Zəfər
Qurultayının keçirilməsi heç də təsadüfi deyildi. 44 günlük
müharibə həm də dünya azərbaycanlılarının birliyini, həmrəyliyini
göstərdi. Şuşada iki gün davam edən Zəfər Qurultayı bu birliyin
əbədi olduğunu, heç bir qüvvənin bu həmrəyliyi poza bilmək
iqtidarında olmadığını nümayiş etdirdi.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay
Əsədov deyib.

O.Əsədov bildirib ki, Dünya Azərvaycanlılarının V Qurultayının
Şuşada keçirilməsi 65 ölkədən gəlmiş 400 nümayəndəyə cənab
Prezident İlham Əliyevin söylədiyi “Şuşa, biz səni dirçəldəcəyik”
nidasının sevincini yaşatdı.

“Zəfər Qurultayı onu göstərdi ki, Azərbaycan dünyanın hansı
ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının
Vətənidir. Bu tədbir İlham Əliyevin Prezident seçildiyi ilk gündə
söylədiyi “Mən hər bir azərbaycanlının prezidentiyəm” sözlərinin
həqiqiliyini bir daha nümayiş etdirdi. Dünya azərbaycanlıları əyani
şəkildə gördülər ki, Prezidentimiz hər bir azərbaycanlının
yanındadır.

Dünyanın hər yerindən qurultaya gəlmiş soydaşlarımız xalqımızın
soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqları
ilə Şuşadan ermənilərə, onların havadarlarına ciddi mesajlar
verdilər.

Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyi ideyasının
banisi, ümummilli lider Heydər Əliyevin 30 il əvvəl söylədiyi
fikirləri bu gün reallığa çevirdi. Ulu öndərin “biz Qarabağa
qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq” fikirlərinin əminliyini
Şuşada keçirilən Zəfər Qurultayı dəqiqliklə ifadə etdi.

Azərbaycan Prezidenti Qurultaydakı nitqi ilə diaspor
təşkilatları üçün bir Yol xəritəsi cızdı. Bu nitq gənc nəslə milli
hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi,
təbliği sahəsində konkret və aydın müddəaların məcmusudur.

Prezident Ana dili ilə bağlı tövsiyələrini verərək, bunun müasir
azərbaycançılığın əsas hədəfi olduğunu göstərdi. İlham Əliyev qeyd
etdi ki, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz
mədəniyyətinə bağlı olsunlar. “Əlbəttə, bu, o qədər də asan məsələ
deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər.
Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq
mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin,
bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman
kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha
da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas
amildir””, – deyə o əlavə edib.

Deputat bildirib ki, diaspor təşkilatlarının qarşıda görəcəyi
çox işlər var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və
Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Bu qurultay
dünya azərbaycanlılarını bundan sonra da həmrəy olmağa, birlik
nümayiş etdirməyə sövq edəcək:

“Zəfər Qurultayı Azərbaycan diasporu üçün yeni bir mərhələnin
başlanğıcını qoydu. Verilən mesajlar, göstərilən hədəflər dünya
azərbaycanlılarını Azərbaycanımızın bundan sonrakı mübarizə
yollarında da sıx birləşdirəcək, onların diaspor təşkilatlarının
fəaliyyətini daha da gücləndirəcək.
Bütün mübarizələrimiz daim uğurlu olsun!”

Teqlər: