“Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edilib

Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə
bağlı heykəltaraşlıq müsabiqəsi elan edir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan
incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik
Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın
mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni
irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən
heykəltaraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki
şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına
qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin,
memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq
aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər
aparılmaqdadır.

Müsabiqənin şərtləri:

Heykəltaraşlar tərəfindən Şuşa şəhərinin qədim
tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq
nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl
hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan
heykəltaraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr
hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və
8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və
4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və
3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500
manat

Müsabiqənin müddəti:

Müsabiqə 15 mart – 15 iyun 2022-ci il tarixlərində
keçiriləcəkdir.

“Şuşa İli” elan edilməsi ilə bağlı
keçirilən

açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri

Təşkilatçılar:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

MÜSABİQƏNİN keçirilmə müddətləri:

İlkin mərhələ:

15.03.22– 15.06.22

– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması,
müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması,
heykəllərin qəbulu

Əsas mərhələlər:

– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin
seçimi

– qalibin seçilməsi və elan edilməsi

– heykəlin təşkilat komitəsi tərəfindən qəbul edilməsi

Müsabiqədə iştirakın şərtləri:

1. MÜSABİQƏDƏ şəhər heykəltəraşlığı sahələrində
işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə
bilərlər.

2. Namizədlər MÜSABİQƏDƏ iştirak etmək üçün təyin edilmiş nümunə
üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd
tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması
mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən
namizədə aid olan heykəllər qəbul edilir.

3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş
edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə
məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs
daşıyır.

4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli
təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim
mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət
Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron
poçt vasitəsilə [email protected] ünvanına “Şuşa şəhərinə həsr
olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək
lazımdır.

5. MÜSABİQƏNİN təşkilat komitəsi verilmiş heykəllər arasından
yalnız bir qalib müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi
aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif
mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim
edilmiş kompozisiyanın materialın emal texnologiyasına
uyğunluğu.

6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci
il.

7. MÜSABİQƏNİN mövzusu “Şuşa”.

8. Hekəlin materialı: tunc, mərmər və bürünc

Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən
hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox
olmamalıdır.

Müsabiqəyə yekun vurulması

Finalda iştirak edən heykəl nümunələri MÜSABİQƏNİN
populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması
məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu
halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

Açıq heykəltəraşlıq müsabiqəsinin iştirakçısının
anketi (PDF)

Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il
tarixinədək müsabiqənin təşkilat komitəsinə [email protected]
elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin
hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.

Teqlər: