Şuşa haqqında məqalə yaradan könüllülər təltif oludular

Şuşa haqqında məqalə yaradan könüllülər təltif oludular

Vikipediyanın gürcü dili bölməsində Şuşa ilə bağlı məqalə yaradan Gürcüstanda yaşayan gənc soydaşlarımıza “Qorqud” Vikipediya Metodik Klubunun diplomları təqdim olunub.

Bu barədə AzerTimes-a Türk Ağsaqqalları Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Marneuli Vikipediya Klubu”nun gəncləri Qasım Əliyev, Emin Binnətov, Aytəkin Allahverdiyeva, Emil Allahverdiyev, Zülfinaz Əliyeva, Tahir Mahmudov Türkan Əliyeva Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”, “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyi və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə iştirak ediblər. Könüllülər “Şuşa İli” çərçivəsində azad ensiklopediyanın gürcü dili bölməsində yaratdıqları məqalələrə görə “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diploma layiq görülüblər. Diplomları “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov təqdim edib”, – Eltürk bildirib.

Onun sözlərinə görə, könüllülər “Şuşa İli” çərçivəsində uğurlu fəaliyyət göstəriblər:

“Gənc könüllülər Şuşanın tarixi, kəndləri, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradıblar. Ümumilikdə 50-yə yaxın məqalə yaradılıb və əsaslı şəkildə redaktə olunub. Əsas niyyət gürcü oxucularını qədim şəhərimizin zəngin mədəniyyəti, tarixi haqqında məlumatlandırmaqdır. Könüllülərimiz təkcə “Şuşa İli” ilə kifayətlənməyəcək, fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Komandanın formalaşmasında Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin sədri Emin Əhmədovun və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovun xidmətləri danılmazdır”.

Teqlər: