Şuşa dünyanın ən gözəl şəhəri olacaq – Onun bərpası Prezidentin daimi nəzarətindədir

Xəbər - Alpər Ziya – Trend:

Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz.

Prezident İlham Əliyevin martın 16-da Şuşa şəhərində dediyi bu sözlər nəinki şuşalıların, bütün Azərbaycan xalqının ürəyinə su səpdi. Çünki Qarabağın baş tacı olan Şuşa məhz bunu haqq edir. İllərdir ermənilərin taladığı, məhv etdiyi bu qədim Azərbaycan şəhəri, tarixi binalar, mədəni abidələr, keçilməz qalalar nəhayət ki, öz ruhuna, öz mənliyinə və öz keçmişinə qovuşacaq…

Məlumdur ki, bu, dövlət başçısının Vətən müharibəsindən sonra Şuşaya ikinci səfəridir. İlk səfər yanvarın 14-də baş tutmuşdu. O zaman dövlət başçısı “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib” – deyə, bildirimişdi. İlham Əliyev vurğulamışdı ki, Şuşa və dağıdılmış bütün başqa şəhər və kəndlərimiz bərpa ediləcək. Dağıdılmış bütün tarixi abidələr öz əvvəlki görkəminə qaytarılacaq.

Budəfəki səfər zamanı isə biz Şuşada görülən işlərin çox sürətlə aparıldığını gördük. Şuşa yarımstansiyası çox qısa zamanda tikilib istifadəyə verilib. Bu yarımstansiya artıq Şuşanı dayanıqlı enerji ilə təmin edir və bundan sonra da edəcək. Molla Pənah Vaqifin məqbərisində də işlər çox sürətlə aparılır. Bu məqbərədə təmir-bərpa işləri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə aparılır. Yaxın vaxtlarda onun da bərpası başa çatdırılacaq. Vaxtilə Ulu öndər Heydər Əliyev bu məqbərənin açılışında və Vaqif poeziya günündə iştirak etmişdi. İndi isə dövlət başçısının təbirincə desək, tarixi bərpa edirik. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. Xatırladaq ki, 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.

Şuşa səfəri zamanı dövlətimizin başçısı Pənahəli xanın sarayının qalıqlarına da baxdı. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.

“Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər” – deyə, Prezident İlham Əliyev qeyd edib.

Səfər çərçivəsində Karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasına, Şuşa Xalça Muzeyinə, Şuşa sanatoriyasına, Park otelin yerləşəcəyi binaya və s. Obyektlərə baxış keçirildi. Görüləcək işlərlə bağlı konkret göstəriş və tapşırıqlar verildi.

Bu faktların özü bir daha onu göstərir ki, işğaldan azad olunan ərazilərin, xüsusən də Şuşanın bərpasına dövlət başçısı şəxsən nəzarət edir.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Bildirdi ki, Şuşa şəhəri buna layiqdir: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Bu qısa nitqlə dövlət başçısı qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi təqdim etmiş oldu.

Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir. Çünki Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir.

Odur ki, dövlət başçısının ailə üzvləri ilə birgə Şuşaya növbəti səfərinin digər bir rəmzi mənası da vardı. Bu səfər məhz ilaxır çərşənbəsi günü – Novruz Bayramı ərəfəsində reallaşdı. 30 ildən sonra Şuşada ilk Novruz tonqalı qalandı.

Beləliklə, müharibədən sonra dövlət başçsının mədəniyyət paytaxtımız olan Şuşaya ikinci səfəri, orada səsləndirdiyi mühüm fikirlər və aidiyyəti üzrə verilən tapşırıq və göstərişlərdən də tam əminlik yaranır ki, Şuşa yaxın gələcəkdə nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhəri olacaq.

Teqlər: