Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək (VİDEO)

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.

Heydər Əliyev Fondundan AzerTimes-a verilən məlumata görə, ləziz
təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya
Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının
qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.

Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin,
Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya,
Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları
ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində
də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə
biləcəklər.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları
– Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən,
Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz,
Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli,
11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və
qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin
nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün
şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da
fəaliyyət göstərəcək.

Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya,
İsrail, Kanada, Koreya, Rusiya, Türkiyə və digər ölkələrdən qida
sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil
olunacaqlar.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil,
həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim
ediləcək. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılacaq
pavilyonlar da fərqli formatda olacaq. Hər pavilyon qonaqları
ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə
salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək.
Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət
ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və
əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər
təşkil olunacaq.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri
də sərgilənəcək. 5 may tarixi Xalçaçı Gününə təsadüf etdiyindən
“Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair
müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə
gəlməsi prosesi canlandırılacaq və interaktiv teatr tamaşasında
xalçanın yaradılmasının hər mərhələsi səhnələşdiriləcək. Qonaqlara
yununun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii
boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi,
xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz
yığma səhnəsi nümayiş olunacaq.

Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun
kulinariyaya dair nəşrləri də təqdim olunacaq.

Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox
Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar
əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq
əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı
vəziyyətini, füsunkar təbiətini canlandıracaq.

Qarabağ bölgəsində çoxsayda yerli və xarici qonağın iştirakı ilə
keçirilən Kulinariya Festivalı işğaldan azad olunan şəhər və
rayonlarımızın dirçəldilməsi ilə yanaşı, 30 ildən sonra bura yenə
də ruzi və bərəkətin, əmin-amanlığın qayıtmasının daha bir rəmzi
ifadəsi olacaq.

Teqlər: