Şuşa Bəyannaməsi Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və orada müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd strateji əhəmiyyət kəsb edir və ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bu, tarixi nailiyyətdir.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Bəyannamənin strateji əhəmiyyətini açıqlayan millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər və bu əməkdaşlıq ölkələrin hərbi qüdrətinin artmasına xidmət edəcəkdir. Ən əsası, mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək.

Bəyannaməyə əsasən, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Şuşa Bəyannaməsinin strateji əhəmiyyətin açıqlayan millət vəkili xüsusi olaraq vurğulayıb ki, bu Bəyannamə 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür və Azərbaycan üçün böyük bir şansdır. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır;

T.Cəfərova bildirib ki, ideoloji amillər strateji əməkdaşlığın perspektivini təmin edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.

Şuşa Bəyannaməsinin imzalanması Türkiyə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, regionun gələcək inkişafı baxımından olduqca önəmlidir. Beləki, Azərbaycanın qazandığı möhtəşəm qələbə sayəsində bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Tamam Cəfərova belə deyib. O bildirib ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Əlverişli imkanı yaradan səbəblər: Ermənistanda vəziyyət sabit deyil. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginallaşması artır. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır. Əgər nəzərə alsaq ki, mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır və Qarabağda miqrasiya problemi daha qabarıqdır, demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək, deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.

T.Cəfərova həmiçinin vurğulayıb ki, Şuşa Bəyannaməsinin imzalanması ilə artıq NATO Türkiyənin timsalında regiona daxil olur, deyən millət vəkili Tamam Cəfərova bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Belə olan halda sülh Ermənistan üçün yeganə çıxış yoludur.

Teqlər: