Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran iradə bundan sonra da davam edəcək – Türkiyə XİN

Xəbər - Humay Ağacanova – Trend:

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.

“Bu gün biz dost və qardaş Azərbaycanla diplomatik münasibətlərimizin bərpasının 30 illiyini qeyd edirik. 1991-ci il oktyabrın 29-da Cümhuriyyətimizin 68-ci ildönümünü qeyd edərkən Azərbaycan beynəlxalq birliyin bərabər hüquqlu üzvü olması iradəsini qətiyyətlə ifadə etdi və həmin gün bizə ikiqat bayram bəxş etdi. Əslində Türkiyə gecikmədən Azərbaycan Respublikasını rəsmən tanıdı və Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Diplomatik Münasibətlərin bərpasına dair Protokolun imzalanması ilə iki ölkə arasında diplomatik münasibətlər başlandı.Müstəqilliyini elan etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub.

Aradan keçən otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub. Qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsindən sonra keçirdiyi böyük sevinclə bunu bir daha göstərdi. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək. Bu, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinə, Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşmadır. . Bu gün 30 il əvvəlkindən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı onların ortaq bölgələrində sülhün və sabitliyin böyük təminatına çevrilib. Azərbaycanla diplomatik münasibətlərimizin bərpasının 30-cu ildönümünü qeyd edərkən biz gələcəyə inamla baxır və ümumi rifah və inkişaf yolunda birgə çalışmaq iradəmizi bir daha təsdiqləyirik.”

Teqlər: