Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir – Pakistanlı ekspert

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir.

Bunu Trend-ə pakistanlı ekspert Xalid Taymur Əkrəm deyib.

O, bu nəhəng əməkdaşlıq təşəbbüsünü qiymətləndirdiyini bildirib:

“Bu, digər ölkələrin əməkdaşlığı üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya xidmət edir”.

Ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsini nəzərdən keçirərkən aydın olur ki, bu sənəd ərazi bütövlüyü, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək siyasəti və qarşılıqlı hörmət prinsiplərini əhatə edir:

“Bu aspektlər ümumi məqsədlərə nail olmaq üçün siyasi və diplomatik münasibətlərin möhkəmlənməsi üçün vacibdir. Bu sənəd hərbi təhlükəsizlik tələblərinin və potensialının restrukturizasiyası və modernləşdirilməsi üzrə səylərin fəallaşdırılmasına yönəlib”

Pakistanlı ekspert bildirib ki, Türkiyə Azərbaycanın müttəfiqi olmaqla onu hər şəkildə dəstəkləyir: “Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə siyasi dəstəyi xüsusi tərifə layiqdir. Pakistan da Azərbaycan və Türkiyənin müttəfiqidir və onlara istənilən milli və beynəlxalq platformada dəstək göstərir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: