Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb – Fuad Muradov (MÜSAHİBƏ)

Xəbər - Elçin Mehdiyev – Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti və bəyannamədən irəli gələn vəzifələrlə bağlı AzerTimes-ın suallarını cavablandırıb.

Trend oxucularına Fuad Muradovla müsahibəni təqdim edir:

– Azərbaycan və türk diasporlarının son üç ildə birgə fəaliyyətinin genişləndirilməsi üçün hansı işlər görülüb?

– Son illər xaricdə yaşayan azərbaycanlıların fəallığı, beynəlxalq ictimaiyyətə müraciətləri, keçirilən aksiyalar, hər iki ölkənin diasporlarının birgə tədbirləri bütün dünyada əks-səda doğurub və ortaq diaspor fəaliyyətini daha da sürətləndirib. Azərbaycan və türk diasporları arasındakı əlaqələrin möhkəmlənməsi, kommunikasiyanın təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verir və bu, gələcək fəaliyyətimiz, yol xəritəmiz üçün olduqca vacibdir. İki ölkənin diasporlarının ötən 3 ildə həyata keçirdiyi ortaq layihələr, fəaliyyətlərini mərkəzləşdirmələri Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün sarsılmaz təməl formalaşdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında 2018-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin Türkiyədə görüşü təşkil edilib, koordinasiya və əməkdaşlıq imkanları müzakirə olunub, “Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası” və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı” qəbul edilib.

Görüşün yekununda Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu görüş və imzalanan mühüm sənədlərin həyata keçirilməsi nəticəsində türkdilli ölkələrin diasporlarının birgə fəaliyyət imkanları daha da artıb.

Diasporla İş üzrə DK-nın təşkilatçılığı ilə Azərbaycan və türk diasporlarının ABŞ-ın Nyu York və Almaniyanın Berlin şəhərlərində keçirilən birgə toplantıları fəaliyyətimizin mərkəzləşdirilməsində və səmərəsinin artmasında əvəzsiz rol oynayıb.

Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, YTB və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyət istiqaməti” mövzusunda təşkil olunan vebinarda hər iki ölkənin diasporunun həm qlobal, həm də regional müstəvidə birgə fəaliyyət mexanizmləri müzakirə olunub. Mövcud problemlər, habelə beynəlxalq çağırışlara uyğun olaraq, əməkdaşlıq perspektivləri barədə aparılan belə müzakirələr Yeni yol xəritəsinin cızılmasında əvəzsiz rola malikdir.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi dağıntı və cinayətin izləri ilə tanış olmaq üçün ölkəmizə səfəri ən çətin məqamlarda bütün türk dünyasının birliyinin bariz nümunəsi idi. Diasporla İş üzrə DK ilə təşkil olunan görüşlərin birində A.Eren belə bir fikir səsləndirmişdi:” Türk milləti dünyanın harasında olursa olsun, hər zaman bir və bərabərdir, dost və qardaş can Azərbaycanın yanındadır”. Ümumiyyətlə, iki qurum arasındakı möhkəm əlaqələr, həyata keçirilən ortaq layihələr, müştərək fəaliyyət daha da genişlənir və bu əməkdaşlıq artıq səmərəsini verir.

– Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinə dair ayrıca bənd var. Bəyannamədən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hansı işlər planlaşdırılıb?

– Müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, xalqlarımızın məruz qaldıqları ümumi problemlər qarşısında birlik və həmrəylik nümayişi üçün ortaq Yol xəritəsi üzərində işləyirik. Şuşa Bəyannaməsi Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifələrini, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti sahəsindəki məsuliyyət və öhdəliklərini daha da artırmaqla yanaşı, iki ölkənin diasporunun birgə faliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb.

Türkdilli ölkələrin diasporlarının birgə layihələrinin intensivləşdirilməsi üçün yeni, daha səmərəli və dayanıqlı platformalar üzərindən lazımi addımlar atılacaq, ciddi işbirliyinə nail olmaq üçün mühüm strateji proqramlar hazırlanacaq.

Bu gün bütün dünyada azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə ortaq Koordinasiya Şuralarının, eləcə də ortaq evlərin yaradılması üzrəində işləmək, gücümüzü birləşdirmək niyyətindəyik.

Bu gün bütün dünya “yumşaq güc”dən istifadə edir və diaspor da əsl “yumşaq güc”dür. Son illərə qədər təşkilatlanmanın arzuolunan səviyyədə olmamasına görə, bizim diasporumuz zəif görünə bilərdi. Əslində isə, Azərbaycan və türk diasporları göründüyündən daha böyük və daha güclü potensiala malikdir. Bu gün ölkəmizin diaspor siyasəti bu gücün tam mənası ilə ortaya çıxmasında əvəzsiz rol oynayır. Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəaların reallaşması türkdilli ölkələrin diasporlarını sözün həqiqi mənasında daha təsirli “yumşaq güc”ə çevirəcək.

Zaman göstərdi ki, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı, Murtafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” deyimləri diasporlarımızın da fəaliyyəti üçün yol göstərən mayakdır.

Teqlər: