Xəbər - İlhamə İsabalayeva – Trend:
“Böyük Ermənistan” xəstəliyinə tutulmuş erməni millətçiləri dünya ictimaiyyətini Qarabağ regionunun, o cümlədən Şuşanın tarixən ermənilərə məxsus olmasına inandırmağa çalışırlar. Lakin Azərbaycanın qədim insan məskənlərindən biri, qədim Quruçay, Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin mövcud olduğu bölgədə yerləşmiş Qarabağ regionu Azərbaycan xalqının ulu əcdadlarının qədim və daimi vətənidir.
Bunu AzerTimes-a AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, burada Qarabağ xanı Pənahəli xan tərəfindən 1750-ci ildə salınmış Şuşa şəhərindən əvvəl qədim insanların yaşadığı təbii mağaralar, sonra isə insanların yaratdığı yaşayış məskənləri mövcud olmuşdur. Şuşa şəhəri ətrafında aparılmış arxeoloji tədqiqatlar zamanı qədim tunc, dəmir dövrlərinə, antik dövr və orta əsrlərə dair maddi mədsəniyyət nümunələri aşkar edilmişdir. Bu tarixi dövrlərdə Şuşa intensiv yaşayış məskəni olmuşdur. Şuşanın tarixinə dair yazılı mənbə XIX əsr müəllifləri Mirzə Adıgözəl bəy, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Mir Möhsüm Nəvvab, M.S. Ordubadi tərəfindən yazılmış əsərlərdir:
“Şuşa XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən Bayat, Şahbulaq qalalarından sonra daha mötəbər, daha uğurlu axtarış nəticəsi olaraq meydana çıxmış, həm təbii, həm də insan əli ilə yaradılan möhtəşəm qalaya, gözəl şəhərə çevrilmişdir. Qarabağ xanlığının mərkəzi, nəhəng strateji mmövqeyi olan Şuşa şəhəri məscidlər, karvansaralar, bazarlar, hamamlar və s. tikililərin yaranması ilə tarixi-memarlıq diyarına çevrilmişdir. Şuşada bunlarla bərabər memorial, xatirə abidələri yaradılmış, park və bağlar salınmışdı.
XIX əsrin sonlarında əcnəbi alimlər- Xanıkov, Dorn, Resler, Meşşaninov və d. tədqiqatlar aparmış, XX əsrdə isə Azərbaycan alimləri M.Hüseynov, A.Ələkbərov, R.Göyüşov, İ.Nərimanov, H.Cəfərov və d. Şuşa şəhəri və onun ətraflarında arxeoloji tədqiqatlar aparmış və əsərlər çap etdirmişlər”.
Q.Hacıyev əlavə edib ki, Ermənistanın planlı şəkildə başladığı münaqişə və müharibə 1992-ci il mayın 7-8-də Şuşa şəhərinin işğalı ilə nəticələndi. Mənfurlar qədim tarix və memarlıq abidələrini məhv etdilər, Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik edərək təhqir etdilər, Şuşa muzeylərini dağıtdılar:
“Bütün Azərbaycan xalqı bilirdi ki, Qarabağın ürəyi, Azərbaycanın qeyrət timsalı Şuşa kimi şəhəri işğal altında qalan xalq onu azad etmək üçün hər an hazır olmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Şuşasız Qarabağ,Qarabağsız Azərbaycan yoxdur”.
Tarixçi alim qeyd edib ki, ermənilərin bu gün də müxtəlif istiqamətlərdə apardığı antiazərbaycan siyasətinə “tarixi araşdırmalar aparmaq” siyasətini də əlavə etməsi işğala bəraət qazandırmaq istəyindən irəli gəlir. Onların bu fikrə düşməsi Azərbaycanın qədim və zəngin tarixə malik olan Qarabağ bölgəsinin tarixi ənənələrini və mədəniyyətini erməni tarixi və mədəniyyəti kimi təqdim etməklə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyindən irəli gəlirdi:
“Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bilməlidir ki, “Qarabağ tarixi”kitabının nınmüəllifi Mir Mehdi Xəzani, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin müəllifi Rzaqulu bəy Mirzə Camal oğlu, “Tarixi-cədidi-Qarabağ” əsərinin müəllifi Mirzə Rəhim Fəna, “Məclisi Fəramuşan”, “Təskireyi Nəvvab”, “Vüzuhul-ərqam”, “Kifayət-ül-Ətfal” və s. elmi və ədəbi-bədii əsərlərin müəllifi Mir Möhsün Nəvvab, “Əhvalati-Qarabağ” əsərinin müəllifi Baharlı, “Şuşa şəhərinin tarixi” əsərinin müəllifi Həsən ixfa Əlizadə, “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları” əsərinin müəllifi Həsənəli Qaradaği kimi tarixi, ədəbi-bədii, publisist əsərlərin müəllifləri şuşalı-azərbaycanlıdırlar.
“Qafqazın konservatoriyası” adlandırılan Şuşa – Hacı Hüsü, Kərbəlayi Hüsü, Abdulbagi Hilalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi peşəkar musiqiçilər- Sadıqcan, Ata Bağdaguloğlu, Qurban Pirimov kimi musiqiçilərin, Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan şəxsiyyətlərin vətənidir.
Şuşa dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə, yüksək istedada malik olan və müsəlman aləmində operanın banisi Üzeyir bəy Hacıbəyov kimi dahi, Zakir Bağırov, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Süleyman Ələskərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Niyazi kimi böyük bəstəkarlar bəxş etmişdir”.
Q.Hacıyev qeyd edib ki, Şuşanı işğal edən ermənilərin bu müqəddəs şəhərimizə iddialarının nə tarixi, nə siyasi, nə də mənəvi haqları yoxdur. “Şuşa erməni şəhəridir” deyib ona böhtan atanlar cəzasını almalı idi:
“Şuşada “Qarabağ şikəstəsi”nin havalanmaması, “Xarı bülbülün” şuşalıların gözündən iraq açılması günah idi. Bu, bizim günahımız idi. Biz günahımızı yuduq, Şuşanı əsarətdən qurtardıq. Həm də asan yolla deyil, ən çətin yolla – yüngül silahla silahlanmış, cərt, sıldrım qayalara dırmanmaqla düşmənə divan tutan cəsur Azərbaycan döyüşçülərinin şücaəti, qəhrəmanlığı sayəsində Şuşahı azad etdik. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.
Şuşanın Azərbaycan xalqının tarixi-memarlıq qoruğu olduğunu xatırladan Q.Hacıyev bildirib ki, erməni quldurları Şuşa şəhərindən külli miqdarda tarixi eksponatlar və muzey əşyaları aparmışlar. Şuşa tarix muzeyindən 5000 eksponat, Üzeyir Hacıbəyovun ev muzeyindən 300 eksponat, Bülbülün ev muzeyindən 369 eksponat, Azərbaycan xalçasılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialından 63 eksponat, Qarabağ Dövlət tarix muzeyindən 500 eksponat, Mir Mövsüm Nəvvabın ev muzeyindən 100 eksponat, Dövlət rəsm qalereyasından 90 eksponat ermənilərin əlinə keçmişdir ki, bu ekspanatlvrın bir çoxu xarici ölkələrdə satılmış, bir qismiisə erməni maddi mədəniyyət nümunəsi kimi nümayiş etdirilir.
Tarixçi deyib ki, işğal altında olan ərazilərdə elmi tədqiqatlar aparmaq beynəlxalq qanunlara və bəşəri qaydalara zidd olduğuna baxmayaraq apardıqları “tədqiqatlar” zamanı bu abidələrə qarşı vandallıq edilmişdir. Məqsədləri Azərbaycanın zəngin təbiətə, əlverişli strateji mövqeyə, tarix və memarlıq abidələrinə malik olan şəhərindən Azərbaycan-türk xalqınının izlərini itirmək olmuşdur:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham əliyevin sərkərdəlik və diplomatik fəaliyyəti, müzəffər Azərbaycan ordusunun şücaəti ilə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanı bərpa və yenidənqurma ilə dünyanın ən gözəl şəhərinə çevirəcəyinə inanırıq”.