Şuşa şəhərinin adından istifadə qaydası müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün
keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri
haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı
hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən)
istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) razılığı ilə yol verilir:
– hüquqi şəxslərin, o cümlədən media subyektlərinin
adlarında;
– mükafatların və təltiflərin adlarında;
– yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən
idman və digər yarışların,
konsertlərin, festivalların, sərgilərin, konfransların,
seminarların adlarında;
– kommersiya və reklam məqsədilə;
– əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.