Şuşa adından istifadə ilə bağlı qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib

Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və
sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında
birgə iclası keçirilib.

AzerTimes-ın
məlumatına görə, iclasın gündəliyinə birinci oxunuşda iki məsələ –
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda
dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və
idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil
edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq diqqətə
çatdırıb ki, ölkə Prezidenti tərəfindən “Azərbaycanın mədəniyyət
paytaxtı – Şuşa şəhəri haqqında” qanuna əlavə və dəyişikliklərin
edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma
xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri
təqdim olunub.

Komitə sədri bildirib ki, Şuşa şəhərində “Azərbaycanın
mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan
Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən
edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa
şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi,
memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə
müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə
edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması
məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün
çıxarılması təklif edilir. Eyni zamanda, “Şuşa” adından istifadə
etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna
3-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa
Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə
etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin,
o cümlədən media subyektlərinin adlarında, mükafatların və
təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli
tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin,
festivalların, sərgilərin, konfransların, seminarların adlarında,
kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi
göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol
verilir.

Onlayn iclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, Şuşa bizim
mədəniyyət paytaxtımızdır, Şuşa şəhəri Dövlət Qoruğu elan edilib və
Şuşa ilə bağlı bütün məsələlər xüsusi qanunla tənzimləndir. O,
mövzunun vacibliyi və aktuallığı nəzərə alınaraq, komitə tərəfindən
bu layihənin dəstəkləndiyini qeyd edib.

Milli Məclis sədrini müavini, Gənclər və idman komitəsinin sədri
Adil Əliyev çıxış edərək “Bədən tərbiyəsi və idman haqqında” qanuna
təklif olunan dəyişiklikdən bəhs edib. Bildirib ki, qanuna yeni
40.1-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, Şuşa şəhərinin
ərazisində idman yarışlarının “Azərbaycanın mədəniyyət paytaxtı –
Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla keçirilməsi təklif olunur. Qeyd olunub ki,
dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, hal-hazırda ölkə Prezidenti
Şuşa şəhərində keçirilən Dünya azərbaycanlılarının beşinci
qurultayında iştirak edir. Bu, bir daha onu göstərir ki, müxtəlif
kütləvi tədbirlərə ev sahibliyi edən mədəniyyət paytaxtımız Şuşa
şəhərində bu tədbirlərin keçirilməsi üçün lazımi şərait
yaradılıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna təklif
olunan dəyişiklikdən danışıb. Bildirib ki, “Azərbaycanın mədəniyyət
paytaxtı – Şuşa şəhəri haqqında” qanunda bəzi sahibkarlıq
fəaliyyəti növlərinin Şuşada qadağan olunmasını nəzərdə tutan maddə
var. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda isə bu, öz əksini
tapmayıb. Burada 5-ci maddə yalnız qanunla müəyyən edilmiş hallarda
sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına imkan verir. Qanuna
“və ya onun ayrı-ayrı növlərinin qadağan olunması” sözlərinin əlavə
edilməsi təklif olunur. Dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır
və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”
qanunun maddələrinin icrasına şərait yaradır.

Təqdim olunan layihəyə əsasən, Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Reklam
haqqında” qanunlarda da uyğunlaşdırma xarakterli bir sıra əlavə və
dəyişikliklər nəzərdə tutulub.

Qanun layihələri ətrafında aparılan geniş müzakirələrdə
deputatlar Qüdrət Həsənquliyev, Tahir Kərimli, Bəhruz Məhərrəmov,
Fəzail Ağamalı, Fazil Mustafa, Cavid Osmanov, Etibar Əliyev, Elşən
Musayev, Vahid Əhmədov, Razi Nurullayev, Mahir Abbaszadə
fikirlərini, qeyd və təkliflərini açıqlayıblar. Çıxışlarda
sənədlərin vacibliyi, dəyişikliklərin məqsədəmüvafiq olduğu qeyd
edilib. Millət vəkilləri Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyəti,
onun Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyərindən bəhs ediblər,
Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmini
vurğulayıblar.

Onlayn iclasda parlamentin birinci vitse-spikeri Əli Hüseynli
müzakirələrdə səslənən fikirlərə münasibət bildirib, sualları
cavablandırıb.

Sonra gündəlikdəki hər iki qanun layihəsi birinci oxunuşda Milli
Məclisin plenar iclasına tövsiyə olunub.

Teqlər: