Sürücülərə qarşı quldurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə martın
17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının
idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu
boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə
rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil
olub. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu
törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də
quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş
Ramil Quliyev müəyyən edilərək saxlanııb.

Trend xəbər
verir ki, ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal
rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının
idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla
hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də
müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin avtomobil martın
12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış
vəziyyətdə tapılıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon
ərazisində yerləşən qəsəbələrdən evlərdən silsilə oğurluqlar edən
şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olumuş Abşeron
rayon sakini Əhməd Sevdimov tutularaq istintaqa təqdim edilib. Bu
şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib. Əhməd Sevdimov
evlərdən əsasən qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində
istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis
orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial
şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Teqlər: