Xəbər - Fərid Zöhrabov – Trend:
Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində yol polsinin üzərinə böyük yük düşür.
Qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olsunlar.
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçirəcək.
O bildirib ki, sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər:
“Sürücülərə sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur. Sürücülərdən xahiş edirik ki, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, yuxarı sürət həddini seçməsinlər, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bununla yanaşı, piyadalar da səkilərlə, onlar üçün nəzərdə tutulmuş keçidlərlə hərəkət etməlidirlər”.