Sursat daşıyan maşının məhvi separatçıları panikaya saldı

Sursat daşıyan maşının məhvi separatçıları panikaya saldı

5 martda Xankəndi ilə Ermənistanı birləşdirən gizli Turşsu yolundan istifadə etməklə, Qarabağdakı separatçı-terrorçulara silah daşınmasının sübutunun üzə çıxması ermənilər arasında panika yaradıb.

AzerTimes xəbər verir ki, mövzuya diqqət çəkən “Hraparak” Azərbaycan hərbçilərinin UAZ markalı maşını saxlatdırması, ermənilərin atəş açması və qarşılıq almasına Qarabağ separatçılarının anında reaksiya vermədiyini vurğulayıb.

Bildirilib ki, Qarabağ separatçılarının “rəsmi strukturları” hadisədən sonra heç bir açıqlama yaymadılar:

“Arutyunyanın susması başadüşülən idisə, çünki hadisədən bir neçə gün əvvəl Azərbaycan nümayəndələri ilə növbəti görüşdən sonra onlar (separatçılar – red.) inandırmışdılar ki, konstruktiv görüş baş tutub, onun nəticəsi tezliklə hiss olunacaq. O mənada onlar kifayət qədər narahat vəziyyətə düşdülər. Ancaq “müxalifət”in də susması anlaşılmazdır”.

Qeyd edilib ki, yalnız bir gün sonra Araik Arutyunyan “müxalifət nümayəndələrinin də” iştirakı ilə “təhlükəsizlik şurasının genişləndirilmiş iclasını” keçirdi və yalnız orada bəzi ifadələr işlətdi:

“Toplantının təfərrüatını öyrənə bilmədik, ancaq əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçına gedən yolda keçid məntəqəsinin yaradılması ideyasından geri çəkilmir. Məsələ burasındadır ki, hadisənin baş verdiyi yol Qarabağı Ermənistanla birləşdirən alternativ və ya gizli yoldur, azərbaycanlılar göstərməyə çalışırlar ki, o yolun işləkliyinə icazə verməyəcəklər, çünki ermənilər silah və sursat daşıyır. Laçına gedən yolda keçid məntəqəsi qurmaq istəyirlər. Bundan əlavə, Arutyunyan bildirib ki, bu insident Azərbaycanla inteqrasiya haqqında danışmaqdan imtina etməsinin nəticəsidir”.

Qeyd edək ki, ötən gün açıqlama verən Arutyunyan 1 martda baş tutan görüşdə Azərbaycan nümayəndəsinin inteqrasiya məsələsini gündəmə gətirdiyini, ancaq erməni icmasını təmsil edənlərin bu mövzunu müzakirə etmək səlahiyyəti olmadığını dediyini bildirmişdi. O vurğulamışdı ki. bundan sonra Bakıdan “müəyyən kanallarla” inteqrasiya prosesinə başlamaq tələbi alıb və bundan imtina edib.

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşımalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri – Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.

Teqlər: