Suriyanın İdlib və Şərqi Quta bölgələrində ötən gün (29 sentyabr) 54 mülki vətəndaş öldürülüb.
İdlibə təşkil edilən hava hücumu nəticəsində azı 40 mülki şəxs öldürülüb. Hücum təşkil edilən ərazidə 30 evin dağıldığı və axtarış-xilasetmə tədbirlərinin təşkil edildiyi bildirilir. Bölgə Türkiyə, İran və Rusiya tərəfindən atəşkəs bölgəsi elan edilsə də, 19 sentyabrdan bəri 140 nəfər öldürülüb. Hücumlara görə Rusiyanın məsuliyyət daşıdığı iddia edilir.
Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələrin paytaxt Şamın Şərqi Quta bölgəsinə təşkil etdiyi quru və hava hücumları nəticəsində isə 14 mülki vətəndaş öldürülüb.
Qeyd edək ki, Şərqi Quta da atəşkəs bölgəsi hesab edilir, lakin ərazi Əsəd rejimi tərəfindən mühasirədə saxlanılır.