Suriya İranı İsrailə satdı – İran təklənir

Suriya İranı İsrailə satdı – İran təklənir

İranın İsrailə raket hücumu və Təl-Əvivin gözlənilən cavab zərbələri öncəsi İranın mühüm müttəfiqlərindən olan Suriyanın mövqeyində ciddi dəyişiklik hiss olunur.

Bu, xususən İsrailin Livan Hizbullahına endirdiyi sarsıdıcı zərbələr, qruplaşmanın rəhbəri Həsən Nəsrullahın öldürülməsindən sonra daha da sürətlənib. Dəməşqin Tehranın gözlədiyindən fərqli olaraq məsələyə soyuqqanlı yanaşması Əli Xamenei və SEPAH komandirlərinin narazılığına səbəb olub.

İranın xarici işlər naziri Abbas Arakçının oktyabrın 5-də Dəməşqə səfərinin də bununla bağlı olduğu, onun Əli Xamenei və SEPAH-ın Bəşər Əsədin İsrailin hücumu ilə bağlı mövqeyindən narazılıqlarının rəsmi Dəməşqə çatdırıldığı bildirilir.

Tehran-Dəməşq münasibətlərinin soyuması haqda fərziyyələrin irəli sürüldüyü bir vaxtda Suriya hökumətindən İran və ona bağlı qüvvələrə qarşı məhdudiyyətlərin tətbiqinə qərar verilib. Belə ki, Bəşər Əsədin qardaşı Mahir Əsəd komandiri olduğu Suriya ordusunun 4-cü diviziyasına SEPAH üzvləri və Tehranın Suriyadakı proksi qüvvələri ilə bağlı tapışırıq verib. Tapışırığa əsasən 4-cü diviziya İran və ona bağlı qrupların bu ölkənin ərazisindən istifadə edərək İsraili hədəf almasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.

Mahir Əsəd 4-cü diviziyanın qərargahı və bazaları daxilində Hizbullah və İrana bağlı qruplaşma üzvlərinə silah-sursat ötürülməsinə mane olmağı əmr edib. O, həmçinin Suriya bölgələrində yerləşən qüvvələr tərəfindən Qolan təpələrindəki Amerika və ya İsrail qüvvələrinin hədəf olmasının qarşısının alınmasını tapışırıb.

Bu, Əli Xamenei və SEPAH-ın Bəşər Əsəddən Qolan təpələrindən İsrailə qarşı yeni cəbhənin açılması ilə bağlı tələbindən sonraya təsadüf edir.

HƏMAS-ın İsrail tərəfindən məhv edilməsi, onun Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə Suriyanın göz yumması başa düşüləndir. Ona görə ki, Suriyada Bəşər Əsədə qarşı etiraz aksiyalarının başladığı vaxt HƏMAS üsyançıları dəstəkləyib, Əsədin devrilməsi üçün müxtəlif addımlar atıb. Həmin vaxt İsmayıl Haniyə etirazçıları alqışlayaraq, onlarla həmrəy olduqlarını bildirib.

Ancaq Hizbullah fərqli mövqe tutaraq Əsədin hakimiyyətdə qalması üçün SEPAH-la birgə narazılara qarşı müharibə aparıb və yüz minlərlə suriyalının öldürülməsində, üsyanın yatırılmasında fəal iştirak edib.

Bütün bunlara baxmayaraq, Dəməşqin Hizbullahın məhv edilməsinə qarşı səssizliyi, ona bağlı qüvvələrə məhdudiyyətlər tətbiq etməsi həmin qurum və SEPAH-ın Suriyada həddindən artıq güclənməsi ilə əlaqələndirilir. Ehtimal olunur ki, SEPAH və Hizbullahın Suriyanın bir sıra bölgələrində hətta yerli idarəçiliyə təsir və təzyiqləri Əsəd hökumətinin narahatlığına səbəb olub.

Eyni halda düşünülür ki, Dəməşq 10 ildən çox sürən daxili müharibə nəticəsində dağılan iqtisadiyyatının bərpasına, qonşu ölkələr, xüsusən ərəb ölkələri ilə siyasi münasibətlərin yenidən qurulmasına daha çox üstünlük verir.

Hazırkı vəziyyətdə İranın siyasi maraqları üçün Dəməşqin daha təhlükəli yeni bir müharibəyə maraqlı olmadığı görünür.

Qeyd edək ki, Tehranın, xüsusən SEPAH-ın Bəşər Əsəddən narazılığı bundan əvvələ, SEPAH komandirlərinin bu ölkədə öldürülməsi dövrünə aiddir. Aprelin 1-də İsrailin hərbi hava qüvvələrinin Dəməşqdə İran səfirliyinə yaxın binaya endirdiyi zərbə nəticəsində SEPAH-ın 7 komandirinin həlak olmasından sonra İran rəsmilərinin Suriyaya münasibəti soyumağa başlayıb. Bir sıra millət vəkilləri, hətta SEPAH üzvləri Suriyanın İsrailə kəşfiyyat məlumatları ötürdüyü barədə fikirlər səsləndirib, rəsmi Dəməşqi SEPAH komandirlərinin öldürülməsi əməliyyatında rol oynamaqda günahlandırıblar.

Bütün bunlar və Mahir Əsədin 4-cü diviziyaya İranın proksi qüvvələri ilə bağlı verdiyi göstəriş İranın İsrail qarşısında daha da təkləndiyini və vacib müttəfiqinin ondan üz döndərdiyini göstərir.

Teqlər: