Suraxanı sakinləri şikayət edir: İH-nin isə xəbəri yoxdur

Suraxanı sakinləri şikayət edir: İH-nin isə xəbəri yoxdur

Suraxanı rayonu, İlqar Məmmədov küçəsi 2 ünvanında yaşayan sakinlər zibilin ərazidən təmizlənməməsindən şikayətlənirlər.

Sakinlərin AzerTimes-a verdiyi məlumata görə, həmin ərazidə 3 il əvvəl ikimərtəbəli yaşayış binası sökülüb. Amma sökülən binanın yeri indiyədək təmizlənməyib.

“Bu yer artıq zibilliyə çevrilib. Ətraf daş-kəsəklə doludur. Uşaqlar üçün böyük təhlükədir. Küləkli havada isə bura ümumiyyətlə dözülməz olur. Ərazidən qalxan toz-torpaq evimizin içindədir. Özümüz traktor gətirib bir neçə dəfə təmizlətmişik, amma hər dəfə etməyə gücümüz də çatmır. Dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə şikayət etmişik, amma xeyri yoxdur. Bir dəfə də olsun gəlib maraqlanmayıblar. Əgər bu ərazi dövlətin balansındadırsa, o zaman gəlib bura bir əncam çəksinlər. Kiminsə şəxsi torpağıdırsa, o zaman bir hasar çəkilsin, biz də işimizi bilək. Artıq məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik”, – sakinlər bildirib.

Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyev saytımıza açıqlamasında məsələdən məlumatsız olduqlarını qeyd edib.

Teqlər: