Suqovuşanın azad olunması erməni ordusuna mənəvi-psixoloji sarsıntı yaşatdı – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində Suqovuşan qəsəbəsi və Talış kəndinin azad olunması ermənilərin məğlubedilməz saydıqları ordusunun uğursuz və gücsüzlüyünü üzə çıxartdı. Ermənilər Suqovuşan və Talış istiqamətində əsas hərbi güclərini cəmləşdirmişdi. Amma buraya nə qədər güc yığsalar da Azərbaycanın Müzəffər Ordusunun qarşısında aciz duruma düşdülər. Suqovuşan qəsəbəsinin azad olunması erməni ordusuna mənəvi-psixoloji sarsıntı yaşatdı.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, erməni hərbçiləri ordumuzun qarşısında tab gətirməyərək silahlarını döyüş meydanında ataraq qaçmağa, fərarilik etməyə məcbur oldular: “Məhz erməni mənbələrin məlumatına görə, 44 günlük müharibədə 10 mindən çox erməni fərarilik edib. Fərarilərin ən böyüyü də Serjik Sarkisyan olmuşdur. Yəni Serjik erməni ordusunun fərarilik siması oldu. Çünki müharibə başlayan ilk günlərdə Serjik cinayətkarlıq təcrübəsindən istifadə edərək orduya rəhbərlik etmək, döyüş taktikasını hazırlamaq üçün əlini sinəsinə vuraraq Qarabağa gəlmişdi. Amma Azərbaycan ordusunun sürətlə irəliləməsindən qorxaraq “dabanına tüpürüb dalda qalan namərddir” deyib hamıdan qabaq qaçıb cəhənnəm oldu.

Əslində, erməni ordusunun belə aciz duruma düşərək məğlub olmasının əsas səbəbkarı da elə Serjikin özüdür. Çünki, erməni ordusunun formalaşmasında Serjik yaxından iştirak etmişdi. Rəhbərlik etdiyi illərdə silahların alınması üçün böyük vəsaitləri dövlət büdcəsindən ayıraraq Serjik və onun komandası yararsız silahları yüksək qiymətlərlə rəsmiləşdirərək böyük vəsaitlər mənimsəmişdir. Həm də müharibə vaxtı əsgərlər üçün ayrılmış ərzaq, o cümlədən əsgər yeməklərini satmaqla böyük pullar qazanaraq, ordu ətrafında mif yaradaraq, sadəcə, görünən maketə çevirmişdilər. Əgər Serjik bir az da Qarabağda qalsaydı, əsgərlərimiz onu qulağından tutub Bakıya gətirəcəkdi.

Deputat əlavə edib ki, Ermənistanda Serjik və onun kimi revanşist ifadələri işlədənlər bilməlidirlər ki, “dəmir yumruq” yerindədir.

Twitter: @ElchinMehdiyev

Teqlər: