“Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var. “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. “Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə “Vaqner”in 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan Ordusuyla savaşdığını bildirmişdi.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Solidar şəhərinin işğalındakı iştirakına görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təltif olunub. “Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu müharibənin sonlarına yaxın, noyabr ayında olub, Azərbaycan Ordusuyla real döyüşlərdə iştirak etməyiblər. “Vaqner”in Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə baş verib. Əgər Kreml Azərbaycan Ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İsgəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi”, – politoloq bildirib.