Artıq Talış kəndinə 20 ailə köçürülüb. Buradakı ailələrin hamısı işlə təmin olunub. Suqovuşan qəsəbəsində 5 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. İlin sonunədək Suqovuşan qəsəbəsinə də keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur.
AzerTimes xəbər verir ki, bunu Şuşa şəhərində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri ilə paralel olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsinin də həyata keçirildiyini xatırladan B.Hacıyev bildirib ki, Ağdam şəhərində və rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri görülür:
“Bu ilin sonunadək Xıdırlı kəndində 719, Kəngərli kəndində 292, Sarıcalı kəndində 203 fərdi ev inşa olunacaq”.