Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad olunmasından 1 il ötür.
AzerTimes xəbər verir ki, sebtyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edilib.
3 oktyabr 2020-ci il tarixdə Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi düşmən işğalından azad olunub.
Qeyd edək ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər geri qaytarılıb.
Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb.
10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəsə dair bəyanat imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində faktiki olaraq bu bəyanatın Ermənistanın hərbi kapitulyasiyası olduğunu ifadə edib. Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu geri qaytarılıb. Hazırda, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işləri aparılır.
Twitter:@cingizsafarli