“Sünikdə ABŞ bayrağı” hədəsinə Mixaylovdan cavab

“Sünikdə ABŞ bayrağı” hədəsinə Mixaylovdan cavab

Ermənistanda müxalif qüvvələrin cəmiyyətdə ciddi dəstəyi yoxdur, onlar sadəcə dalğa yaradırlar.

AzerTimes xəbər verir ki, bunu Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” Yutub kanalının aparıcısı Yevgeni Mixaylov Ermənistanın müxalif Milli Demokratik Qütbünün nümayəndəsi Karo Yeqnukyanın “Tezliklə Sünikdə Rusiya bayrağının əvəzinə ABŞ bayrağı dalğalanacaq” bəyanatını Oxu.Az-a şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, bunlar son dərəcə radikal bəyanatlardır və Rusiyada buna diqqət yetirəcəklər.

“Axı məhz Rusiya Federasiyası Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Amma biz hamımız başa düşürük ki, Moskva və Ankara indi bir-biri ilə əməkdaşlıq edirlər və vəziyyətin erməni fəalın dediyi kimi inkişafına, sadəcə yol verilməyəcək”.

O bildirib ki, bəzi Qərb fondları erməni müxalifətinə kömək etsə də, Paşinyanın mövqeyi hətta altı ay əvvəlkindən də sabitdir.

“Elə bir vəziyyət yaranır ki, Ermənistanın baş naziri sülh nizamlanmasını məntiqi sonluğa – yəni üçtərəfli bəyanatlarda qeyd olunan öhdəliklərin yerinə yetirilməsinə çatdıra bilər”, – deyə Mixaylov vurğulayıb.

Ekspert İrəvanın əldə olunmuş razılaşmaları həyata keçirməyə başlayacağı vaxtla bağlı da öz fikrini bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyanın “əbədi və anlaşılmaz” dostu olan Ermənistan Moskva ilə Qərb arasında qarşıdurmanın necə inkişaf edəcəyini, Ukraynadakı münaqişənin necə bitəcəyini izləyir.

“Ermənistandakı bəzi qüvvələr Cənubi Qafqazda sabitliyi pozmağa cəhd etmək üçün əlverişli vaxt gözləyir. Bakı və Moskva Ermənistandan hər an istədiyini ala bilər. Amma indi, görünür, Rusiya o hayda deyil: Moskva regionda baş verənləri sadəcə izləyir. Amma əldə olunan razılaşmaların həyata keçirilməsi qaçılmazdır”, – deyə Mixaylov sözlərini yekunlaşdırıb.

Teqlər: