Süni şəkildə prosesləri ləngitmək Ermənistana yaxşı heç nə vəd etmir – Sevil Mikayılova

Ermənistan siyasi rəhbərliyi nəhayət ki, zamanın nəbzini tutmağı bacarmalıdır və yaranmış tarixi imkandan yararlanmaq üçün Azərbaycanın irəli sürdüyü şərtlərin həyata keçirilməsini yubatmamalıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Ermənistanın siyasi rəhbərliyi 10 Noyabr Bəyannaməsinin müddəalarının həyata keçirilməsi məsələsində siyasi iradə nümayiş etdirməli, sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün əməli addımlar atmalıdır: “Rəsmi Yerevan anlamalıdır ki, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi mütləqdir, bu, ölkədaxili ictimai münasibətlərin tənzimlənməsi və siyasi sabitliyin yaranması üçün həyati vacib məsələdir. Məğlubiyyət sindromu çox təəssüf ki, bu gün Ermanistanı səbatlı davranış göstərməkdən çəkindirir, sülhün təminatı istiqamətində atılacaq hər hansı addımın isə növbəti uğursuzluq damğası ilə qarşısı alınır.

Sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətli aparılması nəqliyyat xətlərinin açılması ilə paralel olaraq həyata keçirilməlidir. Süni şəkildə prosesləri ləngitməsi onsuz da dərin siyasi, iqtisadi və mənəvi böhran yaşayan Ermənistana yaxşı heç nə vəd etmir”.

Deputat vurğulayıb ki, Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadi tənəzzül, digər ölkələrdən siyasi və iqtiasdi asılılıq vəziyyəti daha da ağırlaşdırır.

S.Mikayılova qeyd edib ki, 2020-ci ildə Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyəti onun əhalisinin maddi rifah halının daha da pisləşməsi ilə nəticələnib: “Məhz bu səbəbdəndir ki, bu ilin ilk 7 ayı ərzində əhalinin təbii artımı əvvəlki dövrlə müqayisədə 1.8 dəfə azalıb.

Əhalinin sayındakı mənfi dinamika təbii ki, ölkədən emiqrasiya edənlərin sayının durmadan artması səbəbibdən daha da güclənir. Ölkənin gələcəyinə inamı olmayan vətəndaşlar digər ölkələrə üz tutur və özlərinə daimi yaşayış üçün yer axtarırlar. Onların çoxu gənclərdır. Vəziyyət elə gərgin həddə çatıb ki, Ermənistanda artıq işçi qüvvə çatışmazlığı sindromu yaşanır.

Proqnozlar göstərir ki, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə ölkəni iqtisadi uçurumun kənarına gətirib, Ermənistan dövləti və xalqı təkcə ağır hərbi məğlubiyyətə uğramayıb, həm də dərin iqtisadi böhran içərisindədir.

Qeyd edək ki, ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma olub. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. Belə acınacaqlı bir durumda olan ölkə yaxşı olar ki, yersiz təkəbbürünə qalib gəlib, konstruktiv mövqe tutsun, öz ölkəsi və xalqı, əlbəttə regionun sabitliyi naminə Azərbaycan irəli sürdüyü şərtləri qəbul edib real addımlar atsın.

Hazırda regionun Prezident İlham Əliyev tərəfindən irəliyə sürülən təşəbbüslərə əsaslanan yeni inkişaf konsepsiyası mövcuddur və Ermənistanın bu mühitdən özünü təcrid etməsi onun növbəti fiaskosu olacaq. Ermənistan reallığı düzgün dəyərləndirməlidir, yalnız korrekt və operativ addımlar onun üçün xilas yolu ola bilər”.

Teqlər: