Sumqayıtın qəsəbələrində də avtobuslar nağdsız ödənişə keçir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş tək şəhər mərkəzində deyil, o cümlədən qəsəbələrə hərəkət edən avtobuslarda da həyata keçiriləcək.

Bunu AzerTimes-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətindən bidiriblər. Qeyd olunub ki, ictimai nəqliyyatda nağdsız ödənişlər Ceyranbatan, Stansiya Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini də əhatə edəcək:

“Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar (smartfonlar, “ağıllı” saatlar, üzüklər və s.) ilə indi daha rahat ödəyə bilər. Sumqayıt ərazisində 22 marşrut xətti üzrə 206 avtobus işləyir. Artıq 50-dən çox avtobusa nağdsız ödənişlərin edilməsi üçün cihazlar quraşdırılıb”.

Qeyd edək ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib.

Artıq sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər. Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə bilər. Balansı isə eManat və MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür. Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.

Teqlər: