Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun
olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə
tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə
hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu”
ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları
nəticəsində Sumqayıt şəhərində sudan uçotsuz və sayğacdankənar
istifadə halları aşkarlanıb.
ASC-dən AzerTimes-a bildirilib ki, Sumqayıt şəhərinin 42-ci
məhəlləsində yerləşən ferma və ət kəsimi sexində sudan
sayğacdankənar istifadənin qarşısı alınıb. Belə ki, obyektin
müqaviləsi və suölçən cihazı olsa da, sahibkar sayğaca gedən xətti
kəsib. Əvəzində rezin boru ilə qeyri-qanuni xətt çəkərək sudan
sayğacdankənar istifadə edib. Bundan əvvəl də həmin obyektdə
analoji hal yaşanıb. Buna görə sahibkara akt yazılaraq dəymiş ziyan
hesablansa da, obyekt sahibi əvvəlki əməlini təkrarlayıb.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən quş
yemi istehsal edən sexin isə, ümumiyyətlə, müqaviləsi və sayğacı
yoxdur. Obyekt sahibi Sumqayıt şəhərini içməli su ilə təchiz edən
450 mm diametrli magistral su kəmərinin kollektoruna qanunsuz
qoşulma verib, buradan 1 km-ə yaxın məsafəyə su xətti çəkib. Həmin
ərazidəki qaraj kimi fəaliyyət göstərən obyektdə də sudan qanunsuz
istifadə olunub.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına
çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə
Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə
dəymiş ziyan hesablanıb.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının
azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla
istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların
qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına
çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə
bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qanunsuz
istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093, Sumqayıt şəhəri üzrə 117
fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və 27
kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart
aylarında sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt
araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.