Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlandı

Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlandı

Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə AzerTimes-a Azərsu ASC-dən bildirilib.

Bildirilir ki, bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.

“Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC tərəfindən 10 525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Sumqayıt Sukanal İdarəsi tərəfindən aşkarlanmış 526 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 127 min kubmetr sərfiyyat bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Teqlər: