Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Sumqayıt şəhərində su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mehman Şərifov və Anar Kişiyev saxlanılıblar. Onların ətrafında aparılan tədbirlərlə bu şəxslərin şəhər ərazisində 20-dən artıq mənzilin su sayğacını oğurladıqları müəyyən edilib. Mehman Şərifov və Anar Kişiyev ifadələrində oğurladıqları sayğacları şəhər ərazisində metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.


Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.
Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

Teqlər: