Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan
Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi yenidənqurmadan sonra
istifadəyə verilib.
Azərbaycan Dəmir Yolları QSC-dən AzerTimes-a verilən məlumata görə, 2022-ci
ilin fevral ayında Sumqayıt-Sitalçay istiqamətində yolun yenidən
qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.
İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri
daşımalarla bərabər mürəkkəb texniki uzlaşdırma şəraitində
aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar
hərəkət edir. 31,4 km-lik Sumqayıt-Sitalçay sahəsində yeni inşa
edilən xəttin istifadəyə verilməsindən sonra ikinci xəttin də
yenidən qurulmasına start verilib.
Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca
ikinci hissəsidir. Ötən ilin dekabrında Şabran-Çarxı istiqamətində
layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq
hərəkətə açılıb.
Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika
potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində
görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron
yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox
üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas
yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, ümumi sayı
162 olmaqla yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.
Bu günədək yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi
quraşdırılıb, onun 54,4 kilometri ilkin hərəkətə açılıb. Ümumilikdə
isə yenidənqurma işlərinin 25,62 faizi artıq tamamlanıb. Belə ki,
107 km-lik hissədə mövcud relslərin söküntüsü, 99 km-lik hissədə
torpaq yatağının tikilməsi və mühafizəsi, 80 km-lik hissədə
kommunikasiyaların köçürülməsi, 98 km-lik hissədə alt-ballast və
ballast materialının qazıntısı və 95 km-lik hissədə alt-ballast
materialının sərilməsi, 70,8 km-lik hissədə birinci lay ballastın
sərilməsi və 65 km-lik hissədə ikinci lay ballastın sərilməsi
işləri tamamlanıb. Həmçinin 46 körpü, 81 dairəvi suötürücü boru və
7 ədəd heyvan keçidi inşa edilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma
işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin
və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi
planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda
inşa ediləcək bəzi yerüstü piyada keçidləri fiziki məhdudiyyətli
insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.
Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir
yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan
Hökuməti və Asiya İnkişaf Bankı, həmçinin Azərbaycan Hökuməti ilə
Fransa İnkişaf Agentliyi arasında imzalanan müqavilələrə uyğun
olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir.
Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start
verilib.
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma
və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat
vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət,
ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi
faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının
həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz
şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından
daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.