Sumqayıt Ukraynaya humanitar yardım göndərir (FOTO)

Sumqayıt Ukraynaya hər cür humanitar yardımın göstərilməsinə
qoşulan Azərbaycanın ilk regional mərkəzi oldu.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri
Vladislav Kanevski öz “Facebook” səhifəsində paylaşım edib.

O, Sumqayıt şəhər İcra Hakimiyyətinə Ukraynanın Çerkassı
şəhərinə humanitar yardım göndərəcəyi üçün təşəkkür edib.

“Bu da təəccüblü deyil, çünki Sumqayıt və Çerkassını çoxillik və
səmimi tərəfdaşlıq birləşdirir. Burada dostluğun, qarşılıqlı
yardımın nə olduğunu bilirlər. Yaxın vaxtlarda Ukraynaya saxlama
müddəti uzun olan məhsulların (konservlər, dənli bitkilər, quru
yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və
geyimlərin göndərilməsi nəzərdə tutulur. Səmimi münasibətinə görə
Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə, müəssisələrə və şəhər
sakinlərinə minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, Azərbaycanın digər şəhər və rayonları da Ukrayna
üçün bu çətin zamanda ölkəmizə köməklik göstərəcəklər”, – səfir
qeyd edib.

Teqlər: