Xəbər - Çingiz Səfərli – Trend:
“Sumqayıt şəhər Təmizlik Departamenti” barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib.
AzerTimes xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir.
Aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə tərəfimizdən müraciətlər olunub: “Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 2021-ci ilin 7 ayı ərzində isə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub. Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.