Sumqayıt hadisələrinin əsas motivi “Böyük Ermənistan” yaratmaq idi – Tarixçi alim

Xəbər - İlhamə İsabalayeva – Trend:

1988-ci ildə fevralın 28-də Sumqayıt şəhərində cinayətkar qrupların təhriki ilə erməni əhalisinə qarşı törədilən faciə və talanlar zahirən Ermənistandan axıb gələn çoxsaylı qaçqınlarla əlaqəli olsa da, bu hadisələrin əsas törədiciləri erməni təhrikçiləri olublar.

Bunu AzerTimes-a “Ermənistan SSR-də azərbaycanlılar əleyhinə siyasət” mövzusunda araşdırma aparmış tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

Onun sözlərinə görə, hələ 1987-ci ilin əvvəlindən başlayaraq erməni millətçiləri tərəfindən Ermənistan SSR-dən Azərbaycan türklərinin qovulub çıxarılması planı hazırlanmışdı. Bu plan Azərbaycana qarşı ərazi iddiaları ilə birgə həyata keçirilməli idi. Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq separatçılıq hərəkatının baş qaldırması ilə “Türksüz Ermənistan” planı gerçək siyasətə çevrilməyə başladı.

Tarixçi qeyd edib ki, erməni millətçiləri aborigen türk əhalisinin tarixi torpaqlarından qovulmasını həyata keçirməyə başladılar. Öz təhlükəsizliyinin təminatını görmədiyinə görə Ermənistandan azərbaycanlıların ilk qaçqın dəstəsi Azərbaycan SSR-ə gəlməyə başladı:

“Bu illərdə Azərbaycan KP MK katibi işləmiş Ə.Daşdəmirovun verdiyi məlumata görə, Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınların sayı 4000 nəfərdən çox idi. Bu qaçqınlar əsasən azərbaycanlıların yığcam yaşadıqları Yerevan, Eçmiadzin, Leninakan, Kirovakan,Qafandan və başqa şəhərlərdən idilər”.

Ə.Qurbanlı əlavə edib ki, ermənilər Azərbaycan türklərini dədə-baba torpaqlarından qovmaqla bir tərəfdən onların arasına vahimə salmağa və hamılıqla Ermənistanı tərk etməyə, digər tərəfdən isə Azərbaycan SSR-də ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə, erməni-azərbaycanlı münaqişəsi törədilməsinə can atırdılar. Məqsəd isə Azərbaycan SSR-də gələcək millli zəmində törədiləcək təxribatları, Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlıların adına yazmaq üçün süni zəmin hazırlamaq idi. Erməni-azərbaycanlı etnik zəminində istənilən təxribatı törədən ermənilər bu hərəkətləri ilə Azərbaycanı da əks tədbirlərə vadar etmək istəyir, Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirmək tələblərinə beynəlxalq aləmdə siyasi dayaq yaratmaq niyyətini güdürdülər:

“Ermənilərin “Böyük Ermənistan” yaratmaq uğrunda apardıqları mübarizənin tarixləri ilə tanışlıq göstərir ki, onların mübarizə metodları heç vaxt dəyişməyib. Onların türklərə qarşı mübarizə metodlarında əsas yeri təhrikçilik tutur. Məşhur terrorizm tədqiqatçısı Uolter Lakuer ermənilərin mübarizə strategiyasına toxunaraq yazırdı: “Onlar öz strategiyalarını təhrikçilik (provakasiya) əsasında qurmuşdular. Bu niyyətdə idilər ki, onların türklərə qarşı hücumları amansız intiqam tədbirləri doğuracaq, bunun da nəticəsində erməni əhalisi xeyli radikallaşacaq. Üstəlik də böyük dövlətlər erməni qırğınlarından dəhşətə gələcək. Dağlıq Qarabağ ətrafında baş vermiş hadisə və proseslər də onu göstərir ki, ermənilər eyni metoddan daha çox istifadə etməyə çalışırdılar”.

Ə.Qurbanlının sözlərinə görə, Ermənistan KP MK-nın orqanı olan “Kommunist” qəzeti Sumqayıt hadisələrindən sonra Ermənistanı tərk etmiş azərbaycanlı qaçqınlar barədə məlumat verərək bildirirdi ki, son günlərdə bir neçə azərbaycanlı ailəsi respublika ərazisindən çıxıb gedib. Erməni mətbuatı azərbaycanlı qaçqınlar haqqında informasiyanı bir neçə gündən sonra respublika mətbuatına çıxarmaqla ictimai rəyi Sumqayıt hadisələrinə yönəldir, respublikanı tərk etmiş qaçqınlar axınının Sumqayıtda baş vermiş hadisələrlə əlaqələndirməyə cəhd edirdilər:

“Həmin günlərdə, fevral ayının 29-da Respublika televiziyası ilə çıxış edən Emənistan KP MK-nin birinci katibi K.S.Dəmirçyan azərbaycanlıların Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrdən guya “narahat” olaraq yaşayış yerlərini tərk etdiyini bildirmişdi. Sumqayıt hadisələrinin istintaqı zamanı üzə çıxarılmış 96 cinayətkar arasında müxtəlif nümayəndələrinin,o cümlədən də qırğının əsas təşkilatçısının və icraçısı Eduard Qriqoryan adlı erməninin olmasına baxmayaraq, erməni mətbuatı cinayətin guya azərbaycanlılar tərəfindən törədildiyi, “əzabkeş ermənilər” haqqında dünyada süni hay-küy qoparmağa başladılar”.

Alim qeyd edib ki, əslində, azərbaycanlıların Ermənistan SSR-dən qovulması və onun ardınca Sumqayıt faciəsinin baş verməsinin əsas motivi Böyük Ermənistan”yaratmaq, ”Dağlıq Qarabağı” ilhaq etmək motivi idi:

“Sonralar L.Ter-Petrosyan öz müsahibələrindən birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Bu sözlər sübut edir ki,Sumqayıt hadisəsi ermənilərin öz separatçılıq aksiyalarını həyata keçirilməsi üçün lazım olmuşdur”.

Ə.Qurbanlı deyib ki, ermənilər indiyə qədər bu hadisələrə münasibətdə Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlıların qətlə yetirilməsi faktları üstündən sükutla keçir, bu hadisələrlə Sumqayıt hadisəsi arasında əlaqənin olduğunu gizlədirlər, Sumqayıt hadisələrinin baş verməsinə görə azərbaycanlıları təqsirləndirilir. Halbuki, hadisədən on gün qabaq Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, talanların videolentə alınmaları üçün erməni operatorlarının əvvəlcədən hadisələrin törədiləcəyi yerlərdə xəlvəti çəkiliş mövqeləri seçmələri,”Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün Xankəndində abidə qoyulması və başqa bu kimi faktlar sübut edir ki, Sumqayıt hadisəsi dünya ictimai rəyində azərbaycanlıların “vəhşi” obrazını yaratmaq məqsədi güdüb.

Teqlər: