Sulutəpə dairəsində inşa olunan körpü istifadəyə verildi (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün inşa edilmiş yeni yol qovşağının açılışı baş tutub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

Teqlər: